Azərbaycanda ali məktəblərə qəbul plan yerinin artırılması və daha aşağı balla məktəblərə qəbul olma imkanlarının genişlənməsi təhsil almaq üçün xarici ölkələrə gedənlərin sayını azaldıb. Süni şəkildə Azərbaycanda ali məktəblərin qəbul plan yerlərini artırıb xaricə gedənlərin sayını azalda bildilər.
Bu sözləri Tribunainfo.az-a təhsil eksperti Kamran Əsədov təhsil almaq üçün xaricə gedənlərin sayının azalma səbəbləri barədə danışarkən deyib. O bildirib ki, hazırda Türkiyədə təhsil alan azərbaycanlıların sayı 21 min 600 nəfərdir:
“Bir tədris ilində 6-7 min nəfər arası öz vəsaiti hesabına Türkiyəyə təhsil almağa gedir. Bu il Türkiyəyə təhsil almağa gedən tələbələrin sayı kəskin azalıb. Səbəb heç də fevral ayında Türkiyədə baş verən dəhşətli zəlzələ deyil. Səbəb Azərbaycanda ali təhsil müəssisələrinin qəbul plan yerinin artmasıdır. Türkiyəyə getməsi proqnozlaşdırılan tələbələr də burada universitetə qəbul oldu.
Təsəvvür edin, bu il I qrupa 168 balla, II qrupa 154 balla, III qrupda 194 balla, IV qrupa isə 150 balla ali məktəbə qəbul olmaq mümkün oldu. Bu il minlərlə tələbə 200 balla ödənişsiz əsaslarla universitetə qəbul olub. Qəbul plan yeri artırıldığından 150 bal yığanıar da tələbə ola bildi. Bu amil Türkiyəyə gedən tələbələrin sayını azaldıb. Azərbaycanda qəbul plan yerinin artması və daha aşağı balla məktəblərə qəbul olma imkanlarının genişlənməsi təhsil almaq üçün xarici ölkələrə gedənlərin sayını azaldıb.
Ölkədə ali məktəblərin qəbul plan yerlərini süni şəkildə artırdılar. Bu ölkədən çıxan, xaricə gedən maliyyə axını idi. Bunun qarşısını aldılar həm də”