Xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik Azərbaycan vətəndaşları ölkə ərazisinə daxil olduğu vaxtdan bir aydan artıq müddətdə burada nəqliyyat vasitələrini idarə etmək niyyətində olarsa, əcnəbilər isə Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə alarsa, sürücülük vəsiqələri imtahansız müvafiq icra hakimiyyəti orqanı tərəfindən 30 dəqiqə ərzində dəyişdiriləcək.
Xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik Azərbaycan vətəndaşları ölkə ərazisinə daxil olduğu vaxtdan bir aydan artıq müddətdə burada nəqliyyat vasitələrini idarə etmək niyyətində olarsa, əcnəbilər isə Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə alarsa, sürücülük vəsiqələri imtahansız müvafiq icra hakimiyyəti orqanı tərəfindən 30 dəqiqə ərzində dəyişdiriləcək.
Bu, Azərbaycan prezidenti İlham Əliyevin 18 noyabr 2016-cı il tarixli sərəncamı ilə qüvvəyə minən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 11 noyabr tarixli qanunda əksini tapıb.
Sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız Azərbaycanın müvafiq icra hakimiyyəti orqanı tərəfindən 30 dəqiqə ərzində həyata keçiriləcək.
Qanuna edilən əlavəyə əsasən, Azərbaycan vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini dəyişdirməlidir. Bu halda Azərbaycan vətəndaşları sürücülük vəsiqəsi dəyişdirərkən tətbiq edilən prosedur eyni ilə tətbiq olunacaq. Yəni, sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız Azərbaycanın müvafiq icra hakimiyyəti orqanı tərəfindən 30 dəqiqə ərzində həyata keçiriləcək.
Xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi olan Azərbaycan vətəndaşı sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, qanunla müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəd təqdim etməlidir. Müvafiq olaraq 60 və daha çox yaşı olan şəxslər üçün, 70 və daha çox yaşı olan şəxslər üçün, siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün isə tibbi arayış da tələb olunacaq.
Qanuna edilən digər əlavəyə əsasən, Azərbaycanda müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində eyni qaydada dəyişdirməlidir.
Həm Azərbaycan vətəndaşları, həm də əcnəbilər bu hallarda sürücülük vəsiqələrini dəyişdirdikdə, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi yeni sürücülük vəsiqəsi ilə birlikdə həmin şəxsə qaytarılacaq.