Milli Müdafiə Universiteti 2024/2025-ci tədris ili üçün ali təhsilin bakalavr pilləsi üzrə Türkiyənin ali hərbi təhsil müəssisələrinə abituriyent qəbulu elan edir.
Tribunainfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tələblərə cavab verən namizədlər cari ilin 2 avqust tarixinədək xaricdə hərbi təhsil üzrə ilkin qeydiyyat forması üzərindən müraciət edə bilər.
Tələblər sırasında Dövlət İmtahan Mərkəzi tərəfindən I, II, III ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanlarında 450 bal və daha yüksək nəticə əldə etmiş, cari ildə ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşı olması var.
Məlumatda qeyd olunur ki, hərbi ixtisaslarla yanaşı müvafiq ali peşə-ixtisasları da verilir:
– Aerokosmik mühəndislik;
– Kompüter mühəndisliyi;
– Elektrik və elektronika mühəndisliyi;
– Mexanika mühəndisliyi;
– Radiotexnika və telekommunikasiya mühəndisliyi;
– Sənaye mühəndisliyi;
– İnşaat mühəndisliyi;
– Gəmi inşaatı və gəmi mexanikası mühəndisliyi;
– Müdafiə fəaliyyətləri (menecment);
– Beynəlxalq münasibətlər;
– Tarix.
İmtiyazlar:
– 500 (beş yüz) manat məbləğində birdəfəlik ödəmə;
– 150 (yüz əlli) manat məbləğində aylıq təqaüd;
– 200 (iki yüz) manat məbləğində ailə üzvlərinə aylıq maddi yardım;
– 200 (iki yüz) manat məbləğində hesabda yığılan aylıq ödəniş;
– təhsil müddətində təhsilalanların bütün təminat növləri ilə təmin olunması (Yataqxana, qidalanma, xüsusi geyim forması və s.);
– ildə bir dəfə Azərbaycana gediş-gəliş xərclərinin təmin olunması.