Düşünürəm ki, cari ilin doktorantura səviyyəsi üçün elə dekabr ayında Qarabağ Universitetinə plan yeri açmaq və elmi tədqiqatçıların indidən ora cəlbini təşkil etmək hədəflənməlidir. Bundan sonra bakalavr pilləsinə qəbula qədər magistratura pilləsinə qəbul həyata keçirilməlidir ki, ən kiçik qruplarda tədrisin təşkili ilə mövcud resursları toplamaq mümkün olsun.
Tribunainfo.az xəbər verir ki, bu təkliflə təhsil eksperti Kamran Əsədov çıxış edib. O bildirib ki, 2024-cü ilin sentyabr ayında Qarabağ Universitetinin fəaliyyətə başlaması təkcə təhsil üçün yox, Qarabağ bölgəsinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən məsələdir. Amma 2024-cü ilin sentyabr ayına qədər görülməsi zəruri olan işlər var:
“Hörmətli elm və təhsil naziri Emin Əmrullayev son mətbuat konfransında ilkin mərhələdə fəaliyyətinə başlamağı planlaşdırılan ixtisasları açıqladı. Bu ixtisaslar isə bakalavr pilləsinə qəbul olmaq üçün idi. Ancaq bakalavriat səviyyəsində tədrisin təşkili üçün orada lazimi kadr potensialı olmalıdır.
4 gündür ki, Xankəndi Pedaqoji İnstitutunun infrastruktur və resurslarını erməni mənbələrindən çox yaxından araşdırıram.
Sonuncu dəfə bu universitetdə 3 min tələbə təhsil alıb. Universitetin yaxşı yataqxanası, kitabxanası, kompüter otaqları, laboratoriyası və online-distant tədrisin təşkili üçün avadanlıqları var.
Bizim görməli olduğumuz işlər əsasən orada kitabxana fondunun tamamilə yenilənməsi, yataqxana infrastrukturunda kiçik təmir işlərinin görülməsi və laboratoriyaların yenilənməsi istiqamətində olmalıdır”.