Son anti-terror tədbirində 192 şəhidimiz olub. Bəziləri bu sayın 24 saat üçün yüksək olduğundan gileylənir.
Məsələyə say olaraq deyil, nəticə olaraq baxmaq lazımdır. Nəticə də ortalıqdadır – elə ilk 24 saatda düşmən qüvvələrinə sarsıdıcı zərbə vuruldu və bunun nəticəsində də onlar təslim oldular.
Tribunainfo.az xəbər verir ki, bu barədə danışan professor Fərhad Mehdiyev bildirib ki, 44 günlük müharibənin davam etdirib Xankəndiyə qədər girsəydik, daha çox şəhidimiz olardı:
“10 Noyabr 2020-ci ildə çoxumuz müharibənin davam etməsini və bütün Qarabağın azad olunmasını istəyirdik. 3000 yox, hətta 5000 şəhid verib buna nail ola bilsəydik cəmiyyət olaraq sevincli olacaqdıq. Halbuki o zamanlar nə Ağdərə istiqamətində, nə də ki Xocavənd istiqamətində aparılan hücumlar uğurlu olmurdu, xeyli də itki vermişdik. İndi isə son şəhidlərimizin sayəsində artıq bütün Qarabağ bizimdir. Təbii ki bütün Qarabağın bizə geri qaytarılması sırf şəhid və qazilərimizin sayəsində olmamışdır, həm də dövlət başçımızın siyasi səyləri nəticəsində mümkün olub. Prezident Əliyevin Rusiya ilə qurduğu münasibətlərin də köməyi ilə biz Qarabağın qalan hissəsini 2000 şəhidlə deyil, 200 şəhid (və qazilərimizlə) geri ala bildik”.