“Azərbaycan bu ilin aprel ayından Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaradıb. Qarabağ ərazisində yaşayan ermənilər blokada şəraitində olsaydı, o zaman bu müddətdə çoxdan fəlakətlə üzləşməliydilər. Ancaq biz hər gün media resurslarında yayılan görüntülərdə onların toy-bayram etdiklərini, restoranlarda şənlik keçirdiklərini görməkdəyik. Hansı blokada, hansı aclıqdan söhbət gedə bilər? Eyni zamanda, yol humanitar məqsədlər üçün açıqdır, sadəcə, nəzarət altındadır. Bundan sonra da belə olacaq”. Bu fikirləri millət vəkili Məşhur Məmmədov Tribunainfo.az-a Ermənistanın başladığı “TIR şousu” haqda danışarkən söyləyib. Millət vəkili bu kampaniyada bir neçə tərəfin iştirak etdiyini vurğulayıb: “Ermənistan hakimiyyəti, revanşistlər, separatçılar, kilsə, lobbi və diaspor, habelə ermənipərəst dairələr, bəzi amerikalı konqresmenlər və senatorlar, o cümlədən Fransa, BMT insan haqları şurası və bir sıra qruplar mismarı eyni yerə vurmağa çalışır. Lakin bu təzyiq kampaniyası nəticəsiz qalacaq. Separatçıların lideri də etiraf etdi ki, əllərini hər yerdən üzüblər”.
Deputat son günlər İrəvanda keçirilən piketlərin və digər addımların beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə hesablanmış plan adlandırıb. M.Məmmədov Azərbaycanın qanuni və beynəlxalq hüquqa əsaslanaraq, legitim bir sərhəd mexanizmi yaratdığını qeyd edib: “Azərbaycan Laçın yolunun “terror dəhlizi”nə çevrilməsinə göz yuma bilməzdi. Bu məsələdə bizi ittiham edənlər heç bir tutarlı əsas gətirə bilmir. Prezidentin köməkçisi cənab Hikmət Hacıyev də “Forbes”də nəşr edilən məqalə ilə bağlı sərrast mövqe bildirdi. Yəni bu kampaniya xarakterli hücumlar, tənqidlər, Bakıya olan çağırışlar məhz Ermənistanı dəstəkləmək siyasətidir. Biz bir daha gördük ki, Qərbdə ermənilərin tərəfini saxlayan xeyli dairələr var imiş. Azərbaycan isə boş oturmayıb, bu informasiya savaşında, psixoloji əsəb müharibəsində haqlı mövqeyimizi nümayiş etdiririk”.
Deputatın sözlərinə görə, yardım karvanına Ağdam yolu təklif edilib, ermənilərin dərdini çəkəndirlərsə, razı olardılar: “Onlara fərqi nədir ki, yüklər hansı yoldan keçərək ermənilərə çatdırılır. Əgər həqiqətən də niyyət humanitar dəstəkdirsə, istənilən təklifi qəbul etməlidirlər. Deməli, Qarabağda böhran yoxdur, onlar məqsədli şəkildə dayanıblar ki, dünyaya bunu göstərə bilsinlər”.