Prezident İlham Əliyevin cari ilin 18 mart tarixində Xankəndi şəhərində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbriki bayramımızı daha rəngarəng etdi.
Arzularımız gerçək olur. Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. İşğaldan azad edilən torpaqlarda qalanan bayram tonqalarının alovunu hər bir vətəndaş qəlbində fərəhlə hiss edir. Bu il bayramımızı xüsusi coşqu ilə qeyd edirik. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik. Bu gün Azərbaycanın ərazi bütövlüyü tamamilə təmin edilib.
Altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir. Biz bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik. Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, biz öz istədiyimizə nail olacağıq və artıq fəxrlə deyə bilirik ki, istəyimizə nail olmuşuq.
İllər sonra Xankəndidə bayram tonqalı qalandı. Xankəndi qədim Azərbaycan torpağıdır, Pənahəli xan tərəfindən salınmışdır. Ancaq əfsuslar olsun ki, keçən əsrin 20-ci illərinin əvvəllərində tamamilə əsassız, heç bir hüquqi, siyasi və demoqrafik əsası olmadan burada muxtar vilayət yaradılmışdır və ondan sonra xalqımızın problemləri də başlamışdır.
Xankəndi sovet dövründə də Azərbaycan büdcəsi hesabına, Azərbaycan memarları və inşaatçıları tərəfindən inşa edilmişdir. Xankəndi şəhəri və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində olan bütün şəhərləri, kəndləri salan, yaradan, memarlığının müəllifi olan, inşaat işlərində iştirak edən Azərbaycan xalqının nümayəndələri idi.
Cənab İlham Əliyev prezudent seçildiyi ilk illərdən torpaqlarımızın işğaldan azad edilməsi onun fəaliyyətində, gələcək planlarında prioritet olub.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı iyirmi il ərzində torpaqların azad olunmasına hazırlaşıb. Bir çox istiqamətlər üzrə planlı şəkildə işlər gedirdi. Siyasi müstəvidə, dünyada Azərbaycanın mövqeləri möhkəmləndi, aparılan düzgün siyasət nəticəsində dostlarımızın sayı artdı. Beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul etmişlər və bu münaqişənin həlli üçün hüquqi və siyasi zəmin yaratmışdır. Biz iqtisadi inkişafa nail olduq, iqtisadi müstəqilliyə nail olduq və bu gün heç kimdən iqtisadi cəhətdən və təbii ki, siyasi cəhətdən asılı deyilik. Güclü iqtisadiyyat bizə imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır.
Biz bütün şəhidlərimizin, günahsız Xocalı qurbanlarının qanını döyüş meydanında aldıq və bununla fəxr edirik. İstənilən ölkə, istənilən xalq bununla fəxr edə bilər, o cümlədən biz. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi, beynəlxalq hüququmuzu, milli ləyaqətimizi bərpa etmişik və bu gün azad xalq kimi yaşayırıq, qururuq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq.
Xankəndi şəhərinin əsas meydanı artıq “Zəfər meydanı” adlandırılır. Bundan sonra hər bir azərbaycanlı Xankəndidə yerləşən “Zəfər Meydanı”nda fəxrlə gəzəcək, bizə bu fəxarəti bəxş edən Ali Baş Komandana, onun Müzəffər Ordusuna, Prezidentin ətrafında birləşən xalqa minnətdarlıq edəcəklər. Cənab Prezidentin çıxışlarında qeyd etdiyi kimi, artıq Azərbaycan üçün yeni dövr başlayıb. Yeni dövrdə Xankəndi və işğaldan azad edilən ərazilırimizlə bağlı çoxsaylı layihələr həyata keçiriləcək.
Bu gün biz azad edilmiş Qarabağda başımızı dik tutaraq yaşayırıq. Bu il Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmiş, bir neçə azad olnuş kəndə köçkünlər qayıdacaqlar və həyat qaynayacaq.
Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq.
Məşhur Məmmədov,
Millət vəkili