Qarabağda ayrıca bir dövlət universitetinin yaradılması və onun Qarabağ Universiteti deyə adlandırılması çox böyük hadisədir. Təhsil dövlətçilik siyasətinin əsas vuran qolu, təməl nöqtələrindən biri olub. Məsələnin bir neçə rakursdan faydaları var: birincisi, dövlətçiliyə dəstək rakursundan; ikincisi azad olunmuş Qarabağ adının təhsil seqmentində də var olduğunu göstərmək; üçüncüsü isə tədrisin keyfiyyəti rakursundan. Qarabağ Universiteti, bəlkə də, Azərbaycanın xüsusi təhsil göstəricilərinə malik olan ən böyük ali təhsil müəssisəsi olacaq.
Bu sözləri Tribunainfo.az-a təhsil eksperti Kamran Əsədov xankəndidə yaradılacaq Qarabağ Universiteti ilə bağlı danışarkən deyib. O bildirib ki, nazir tibb təhsil konfransında olduğuna görə, orada yalnız tibb təhsili barəsində danışıb. Amma həmin universitetdə dövrün əsas ixtisaslarından olan İT istiqaməti, mühəndislik, digər kriteriyalar da tədris olunacaq:
“İşğaldan azad edilmiş ərazilərdə işğaldan əvvəl ümumilikdə 259 məktəbəqədər təhsil, 673 ümumi təhsil, 40 məktəbdənkənar, 14 peşə təhsili, 7 orta ixtisas təhsili olmaqla 993 təhsil müəssisəsi fəaliyyət göstərib. Hətta 1969-cu ildə Xankəndidə bir ali təhsil müəssisəsi də var idi.
Gələcəkdə də mütləq şəkildə Qarabağ Dövlət Universiteti, Şuşa Dövlət Universiteti yaradılmalıdır. Hətta Azərbaycanın Ermənistanla sərhəd olan ərazilərində Laçında, Qubadlıda belə Müəllimlər İnstitutunun, İqtisad Universitetinin filiallarını açmalıyıq.
Bir daha qeyd edirəm ki, təhsil müəssisələri əhalinin məskunlaşmasına, işlə təmin edilməsinə, eyni zamanda həmin ərazilərin iqtisadi inkişafına təsir edir. Ermənilər bu istiqamətdə addım atmışdılar. Məsələn, biz Şuşada universitet açmamışdıq, amma ermənilər işğaldan sonra orada iki universitet açmışdılar. Bunlar Şuşa Texniki Universiteti, İrəvan Kənd Təsərrüfatı Universitetinin Şuşa filialı idi. Beləliklə, biz də həmin ərazidə mütləq şəkildə hərbi məktəb, ikincisi Şuşa şəhərində yerləşəcək Dağlıq Qarabağın bütün ərazisində təhsil alacaq şəxslərin ödənişsiz təhsilini həyata keçirmək üçün Qarabağ Dövlət Universiteti, Şuşa Dövlət Universiteti açmalıyıq. Həmçinin ən əsası hərbi kadrların hazırlandığı təhsil müəssisəsi, regionun kənd təsərrüfatını nəzərə alaraq orada mütləq şəkildə kənd təsərrüfatı kadrlarını hazırlayan universitet açılmalıdır”.
Ekspert bildirib ki, Xankəndidə fəqaliyyətə başlayacaq Qarabağ Universiteti təhsilin brendi olacaq:
“Bu brendin özəllilikləri kimi “tələbə mərkəzli” universitet, öyrətməyə vida edən və öyrənməyi əsas tutan təhsil modeli, fərdi təhsil trayektoriyası əsasında təhsil verən universitet, təhsilin əsas keyfiyyət amili kimi hər bir təhsilalanın “təhsil izi”, XXI əsr vərdiş, bacarıq və kompetensiyaların formalaşmasına zəmanət verən adaptiv təhsil modelini göstərmək olar. Düşünürəm ki, bu universitetdə ilk növbədə Qarabağ regionun inkişafı üçün kadr potensialı yetişdirilməli, ixtisaslar bölgənin spesifikasına uyğun formada müəyyənləşməlidir. Eyni zamanda, universitetdə Qarabağın tarixinin tədris olunmasına xüsusi diqqət yetirilməlidir. Həmçinin düşünürəm ki, universitetə xarici ölkələrdən də təhsil almaq üçün tələbələr cəlb olunmalıdır.
Üçüncü İqtisadiyyat Universiteti, onun filialları olmalıdır. Həmçinin hüquq fakültələri açılmalıdır. Çünki şahidi olduq ki, Dağlıq Qarabağ münaqişəsi zamanı ən böyük problemlərimizdən biri həmin ərazilərdə hüquq-mühafizə orqanlarında azərbaycanlı kadrların azlıq təşkil etməsi idi. Hətta orada Polis Akademiyası da açmaq olar.
Bundan başqa, Qarabağda həmişə əkinçilik və şərabçılıq inkişaf edib. Yüngül sənaye sahələrində olduğu kimi, bu sahələrdə də kadr hazırlamaq lazımdır. Bu sektorlarda mütəxəssislər Gəncədə hazırlanır, lakin Qarabağda bir universitetin açılması bu sahədəki kadrları paytaxta doğru axın etmədən saxlamağa kömək edəcək.
Qarabağda şəhərcikləri olan universitetlər tikmək lazımdır ki, tələbələr orada həm oxusunlar, həm də yola vaxt itirmədən yaşasınlar”.