Ermənistan hüquq mühafizə orqanları Qarabağdan qaçaraq, İrəvana sığınmış separatçıların daha birinə qarşı istintaqı yekunlaşdırıblar. Tribunainfo.az xəbər verir ki, söhbət özünü Xankəndinin qondarma “meri” kimi təqdim edən Davit Sarkisyandan gedir.
Bildirilir ki, bu ilin may ayında həbs olunan, lakin sonradan ev dustaqlığına buraxılan Sarkisyanın dünən avtomobili müsadirə olunub. Rəsmi qurumlar bildirib ki, həmin avtomobil Ermənistandan Qarabağa göndərilən pulla alınıb və qanunsuz olaraq separatçılar tərəfindən özünküləşdirilib.
Qeyd edək ki, Ermənistan DİN-i bu günlərdə açıqlama verərək, separatçıların Qarabağdan 480 avtomobil çıxararaq, onları özəlləşdirdiklərini açıqlayıb. Həmin maşınlardan indiyə qədər 200-ü tapılaraq, İrəvan hökumətinin ixtiyarına verilib. Yerdə qalanları isə axtarılır.
Qarabağdan qaçaq yolla Ermənistana keçirərək, özünküləşdirənlər sırasında baş separatçı Samvel Şahramanyan da var. Onun da maşını bu günlərdə müsadirə edilib.