Bakıda fəaliyyət göstərən məşhur “Azerbaijan Animal Rescue Center” (Azərbaycan Heyvanları Xilasetmə Mərkəzi – AARC) MMC külli miqdarda cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, buna MMC-nin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növü ilə icazəsiz məşğul olması səbəb olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində protokol tərtib olunub və iş məhkəməyə göndərilib.
Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edib ki, MMC-nin İXM-nin 398-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilib.
Məhkəmənin qərarı ilə “Azerbaijan Animal Rescue Center” (AARC) MMC-nin təsisçisi Hedieh Roshanzamir İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xəta nəticəsində əldə edilmiş gəlirin iki misli miqdarında, yəni 31008 manat məbləğində cərimə edilib.