Xamneyinin müşavirindən Azərbaycanla bağlı hədyan: “İslam ölkələrinin ziddinə addım atır”

Xamneyinin müşavirindən Azərbaycanla bağlı hədyan: “İslam ölkələrinin ziddinə addım atır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Tehranda Pakistanın daxili işlər naziri Seyid Mövsüm Nəqəvi ilə görüşən İranın dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti yenə Azərbaycanı “ittiham” edib.

Tribunainfo.az “Tasnim” Agentliyinə istinadən xəbər verir ki, həmin görüşdə Vilayəti Azərbaycanı “Islam birliyini pozmaqda” “günahlandırıb.

O, Pakistanın daxili işlər naziri ilə görüşdə deyib: “Sizin Azərbaycanla yaxın münasibətləriniz var. Lakin eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan dövləti İslam dünyasının baxışlarına zidd addımlar atır. Onların arasında Əl-Culani ilə “sionist rejim” arasında vasitəçilik və İsrail rejiminin məzlum Fələstin xalqına qarşı cinayətlərinin ən qızğın çağında İsrailə neft ixrac edib. Siz onlardan soruşa bilərsiniz ki, niyə müsəlmanların və İslam ölkələrinin fikrinə zidd olan bu addımlar atılır?”.

P.S. İrandakı molla rejiminin tək dərdi Azərbaycandır. Hər vəchlə Bakını ittiham etmək üçün bəhanələr axtarırılar. Heç bir şəkildə Azərbaycanla sabit münasibətlərin qurulmasına çalışmırlar və çalışmayacaqlar. Çünki öz xəstə təxəyyüllərinin reallaşmasını istəyirlər.

Azərbaycanın hansı dövlətlə əməkdaşlıq, dostluq və müttəfiqlik etməsi onun suveren hüququdur. Məgər Azərbaycan İrana irad bildirir ki, siz niyə Fələstini, Livanı, Yəməni qan çanağına döndərmisiz? Və ya bildirir ki, İsraillə niyə dostluq etmirsiz və sairə? Bu, Azərbaycana dəxli olmayan məsələdir. Hansı dövlət kimlə əməkdaşlıq edirsə, bunu özü bilər. Eyniylə Azərbaycan da həmçinin.

Qaldı, İslam dünyasını “parçalamaq” məsələsinə, barı bunu İran iddia etməsin. Bütün dünyada məzhəb ayrı-seçkiliyindən tutmuş, terror aktlarının törədilməsinə qədər ən eybəcər işlərə imza atmış İranın molla rejiminin bu məsələdə Azərbaycanı ittiham etməsi gülüncdür.

Fərda Uğur