Ali Məhkəmənin hakimi Elşanə Vəliyevanın sədrliyi ilə iyulun 21-də səs-küylü bir prosesə baxılıb. Tribunainfo.az məlumat verir ki, vətəndaş Axundov Tural “Xalq Bank”ı və “Mars M” şirkəti ilə bağlı iddia qaldırıb. Buna səbəb kimi müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdir. Lakin “Xalq Bank” və “Mars M” tək bu vətəndaş tərəfindən məhkəməyə verilməyib. İnternet resurslarında yayılmış xəbərlərdə deyilir ki, uzun müddətdir Bakının Nərimanov rayonu, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən “Yasmin” biznes mərkəzindən, külli miqdarda pullarını ödəməklə, özlərinə obyekt və ofislər alan 20 nəfərdən çox iş adamı haqsızlıqla üzləşib. Sahibkarlar “Mars — M” MMC-nin və “XalqBank”ın iştirakçısı olduğu tikinti fırıldağının qurbanlarıdırlar. Bu fırıldaq işlərində, bir neçə aidiyyatı dövlət qurumu da, hansısa formada rol oynayıb. Hansısa maraqlar çərçivəsində 5 milyon manatdan çox ziyana düşmüş həmin obyekt və ofis sahiblərini öz investisiyalarından məhrum etməyə çalışırlar. Baxmayaraq ki, Bakı Apellyasiya Məhkəməsinin 5 aprel 2017-ci il tarixli və Ali Məhkəmənin 18 oktyabr 2017-ci il tarixli ədalətli qərarları ilə, zərərçəkən bu sahibkarların mülkiyyət hüquqları müdafiə də olunub. Di gəl ki, sahibkarların hüquqlarını müdafiə edən həmin qərarları isə, Konstitusiya Məhkəməsi özünün 18 iyul 2018-ci il tarixli Qərarı ilə ləğv edib və Ali Məhkəmənin Plenuma göndərməsini məqsədəuyğun hesab edib.
Sahibləri Əliyev Elçin Vahid oğlu, Məhərrəmov İlqar Sübhi oğlu, Məmmədova Ruhiyyət Əksəriyyət qızı, Quliyev Sahib Həmid oğlu, Hüseynov Anar Allahverən oğlu, Zamanov Ədalət Rəhman oğlu, Kazımov Zülfüqar Musa oğlu, Bağırova Natəvan Şəmistan qızı, Mahmudov Akif Bilal oğlu, Mahmudov Azər Akif oğlu və Əfəndiyeva (Məmmədova) Tahirəxanım Adil qızı ilə “XalqBank” və “Mars — M” arasında bağlanmış 8 iyul 2015-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair, İddia Ərizəsi ilə, bir daha məhkəməyə müraciət ediblər.