“Xalq Bank” ASC Azərbaycanın sistem əhəmiyyətli bankları siyahısından çıxarılıb.
Tribunainfo.az xəbər verir ki, buna səbəb Mərkəzi Bankın sistem əhəmiyyətli banklar üçün yeni tələblər qəbul etməsi olub. “Xalq Bank”ın bu tələblərə uyğun olmadığı məlum olub. Sistem əhəmiyyətli banklar siyahısından çıxarılan “Xalq Bank”ın əvəzinə siyahıya “Unibank” ASC ilk dəfə olaraq daxil edilib.
Hazırda siyahıda 5 bank – “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB), “Bank Respublika” ASC, “Kapital Bank” ASC, “Paşa Bank” ASC və “Unibank” ASC yer alır.
Qeyd edək ki, sistem əhəmiyyətli bank maliyyə sistemində çoxsaylı əlaqələri olan, böyük bazar payına malik və risklərin yayılması baxımından vacib rolu olan banklardır. Bu bankların aktivlərinin və əməliyyatlarının həcmi böyük olur, digər banklar və maliyyə institutları ilə sıx əlaqələrə sahibdirlər. Onların qısa müddətdə başqa bir maliyyə qurumu ilə əvəzlənməsi çətin olur. Bu baxımdan sistem əhəmiyyətli bankın iflası digər banklar və şirkətlərə təsir göstərə, maliyyə sabitliyinə zərbə vura, investorlar və əhali arasında panika yarada bilər.
Həmçinin əıavə edək ki, bir bankın sistem əhəmiyyətli hesab olunması üçün Mərkəzi Bank tərəfindən rəsmi status verilməsi lazımdır və bu statusa əsasən əlavə tənzimləmə və nəzarət tədbirləri tətbiq olunur.
Nigar İxtiyarqızı