AQC BEŞ ölkənin bank tarixində ilk dəfə vahid kriteriyalar (qiymətləndirmə şirkətlərinin seçilməsi meyarları) barədə təkliflər hazırlayacaq.
Tribunainfo.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) Bank Ekspertlər Şurasının növbəti iclası keçirilib. İclasda AQC-nin müraciətinə cavab olaraq “Xalq Bank” ASC-dən təklif edilən nümayəndələrin Bank Ekspertlər Şurasına üzvlüyü təsdiqlənib. Belə ki, “Xalq Bank” ASC-nin Kredit İdarəsinin rəisi Ramal Ağalarov və idarənin rəis müavini Günel Davudova AQC-nin Bank Ekspertlər Şurasına üzv təsdiq ediliblər.
İclasda həmçinin, qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin ixtisas imtahanlarında müvəffəqiyyət qazanmış bank nümayəndələrinin Qiymətləndiricilər Palatasına üzv olması ilə bağlı bir sıra məsələlər müzakirə edilib, onların üzvlüyü zamanı ortaya çıxan problemlərin həlli barədə Palataya müraciət edilməsi qərara alınıb. Eyni zamanda qiymətləndirmə şirkətlərinin Palata tərəfindən hazırlanan minimum xidmət haqqı cədvəli ilə bağlı təkliflər verilməsi qərarlaşdırılıb. Bundan əlavə, bankların qiymətləndirmə şirkətləri ilə əməkdaşlıq etməsi üçün vahid kriteriyaların hazırlanması üzrə İşçi Qrupu yaradılıb. Bu günə qədər banklar bu tələbləri fərqli qaydada tərtib etsə də, ilk dəfə AQC Bank Ekspertlər Şurasının təşəbbüsü ilə bütün bankların və AQC-nin birgə kriteriyalar sənədi hazırlanacaq. Bu sənəd Azərbaycan Qiymətləndiricilər Palatası və Azərbaycan Mərkəzi Bankına təqdim olunacaq.
Qeyd edək ki, AQC-nin tərkibində Bank Ekspertlər Şurası 2024-cü ilin sentyabr ayında yaradılıb. Şuranın üzvləri Azərbaycanda fəaliyyət göstərən 17 bank tərəfindən təklif edilmiş nümayəndələrdir. “Xalq Bank” ASC-nin də qoşulması ilə Şuraya üzv olan bankların sayı 17-ə çatdırılıb. Bank Ekspertlər Şurasının rəhbəri “Paşa Bank” ASC-nin nümayəndəsi Hikmət Sadıqovdur.