Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib.
Tribunainfo.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə xalq artisti sərbəst ifadə verib.
O, ifadəsində qeyd edib ki, həmin gün xəstəliyi ilə əlaqədar kəskin ağrıları olub:
“Məndə kəskin ağrılar başlamışdı. Məcbur qalıb kömək istədim. Mühafizə üstümə qışqırdı ki, sən kimsən mənə əmr edirsən, çox böyük adamsan? Gəl özün düş aşağı. Mənə qarşı pis söz işlətdi.
Mən məcbur qalıb aşağı düşdüm. Əlində dəmir parçası ilə gəldi üstümə. Məni təhqir edə-edə üstümə cumdu. Bağçada istifadə etdiyim balta həyətdə idi. Onun əlindəki dəmiri görəndən sonra məcbur qaldım baltanı götürdüm ki, özümü müdafiə edim. Mən ona baltanı atdım ki, geri qayıtsın. O da qayıtmayıb üstümə gəldi. Təxminən 10 metr məsafədən baltanı atdım ona. Bütün bunlara baxmayaraq, üstümə gəldi, əlbəyaxa oldu mənimlə. Zərbə vuraraq yerə yıxdı məni. Yanımızda olan digər əməkdaş onun mənə vurduğu zərbələrin əksəriyyətinin qarşısını alırdı. Mən müvazinətimi itirdim, sərbəst yeriyə bilmirdim. Bir nəfərin yardımı ilə oradan uzaqlaşdırıldım”.
Prokurorun “Törətdiyiniz əmələ münasibətiniz necədir?” – sualına xalq artisti “çox pis, günahkar kimi yox, bir insan kimi peşman olmuşam”, – deyə cavab verib.