backend

Xaləddin İsgəndərovun adı 15 nəfərin ölümündə yenidən hallandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binəqədidə 15 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsinə görə həbs edilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Binəqədidə 15 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsinə görə həbs edilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib


Musavat.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə sənədlərin tədqiqi mərhələsi davam edib.

Təqsirləndirilənlərdən Uğur Bəşirov və Miryusif Mahmudovun vəkilləri istintaqa ifadə verən Tural Məmmədov adlı şəxsin dediklərinə diqqət yetirilməsini istəyiblər.

Vəkillər qeyd edib ki, T.Məmmədov yanğın baş verən “Azadlıq” prospektindəki binalarda aparılan işlərin keyfiyyətinə nəzarət edən şəxs olub. Onun ifadəsində qeyd edilir ki, yanğın baş verən binada FHN əməkdaşları bir neçə dəfə yoxlamalar aparıb, binanın üzlənməsində istifadə olunan materialın keyfiyyətini yoxlamaq üçün nümunələr götürüblər.

Sənədlərin tədqiqi mərhələsində yanğının baş verdiyi rayonun icra hakimiyyətinin rəhbər şəxslərinin vəzifələri, onların tutduqları posta uyğun olaraq səlahiyyətləri elan olunub.

Yanğına görə həbs edilən şəxslərdən olan Binəqədi rayon icra başçısının müavini olmuş Qəzənfər Novruzovun səlahiyyətləri elan olunarkən onun vəkili Nüşabə Ağayeva etiraz edib.

Vəkil qeyd edib ki, yanğın baş verən binada aparılan işlərə, görülən işlərin keyfiyyətinə və təhvil-təslimində Q.Novruzov təqsirli bilindiyi qədər icra başçısı Xaləddin İsgəndərov da təqsirli bilinməlidir.

N.Ağayeva bunu onunla izah edib ki, hüquqlarını müdafiə etdiyi Q.Novruzovdan əvvəl səlahiyyətli şəxslər icra başçısı və digər vəzifəli məmurlardır. Bu səbəbdən də günahkar şəxs kimi Q.Novruzovun göstərilməsi doğru deyil.

Məhkəmədə sənədlərin tədqiqi zamanı vəkillər FHN-in binada aparılan təmir işləri ilə bağlı verdiyi rəyləri, binaların üzlənməsində istifadə olunan poliuretan məhsulların yanan material olmaması və daha sonra qismən yanan material olması ilə bağlı verilən rəyləri imzalayan şəxslərin məhkəməyə gətirilməsi və dindirilməsini tələb ediblər.

Miryusif Mahmudovun vəkili İlhamə Həsənova çıxışında bildirib ki, sənədlərdə FHN-in icra başçısı Xaləddin İsgəndərova ünvanladığı məktublar saxtadır: “FHN-in nazir müavini tərəfindən Xaləddin İsgəndərova ünvanlanan məktubda qeyd edilir ki, 2012-ci ildən 6 məktub göndərilib və guya həmin məktublarda poliuretanla üzlənən binalarda təhlükənin olduğu göstərilir. Məktublarda guya yanğın siqnalının daxil olduğu, buna görə də binaların ətrafında növbətçiliyin təyin olunması istənilir. Ancaq qeyd edilən məktubların heç biri icra hakimiyyətində məktubların qəbulu jurnalında qeydə alınmayıb. Həmin məktublar saxtadır və məsuliyyətdən yayınmaq üçün yazılıb”.

Prokuror Fərid Nağıyev isə qeyd edib ki, nazir müavini tərəfindən imzalanan məktubun saxtalaşdırılması mümkün deyil: “Bu məktubların kimlərinsə, məsuliyyətdən yayınması məqsədi ilə yazılması haqda səsləndirilən fikirlər əsassızdır. Digər şəxslərlə bağlı da iş ayrılıb və əgər onların da günahı sübuta yetirilərsə, məsuliyyətə cəlb olunacaqlar”.

Vəkil Elvin Səlimov isə çıxışında qeyd edib ki, poliuretanla üzlənən binalarda ilk yanğın hadisəsi 2012-ci ildə baş verib. Vəkil qeyd edib ki, Tibb Universitetinin binasında baş verən yanğından sonra poliuretan məhsulları istehsal edən müəssisələrə heç bir xəbərdarlıq edilməyib və yoxlama aparılmayıb.

Təqsirləndirilən şəxslərdən Uğur Bəşirov qeyd edib ki, 2013-cü ildən poliuretan məhsul istehsal edən müəssisələrdən  “QlobalStone” MMC-nin direktoru olub. Amma direktor olduğu müddət ərzində nə FHN-dən nə də digər qurumlardan məktub almayıblar: “Əgər bu məhsullar təhlükəli idisə, niyə heç vaxt xəbərdarlıq edilməyib?”.

Vəkil İlhamə Həsənova çıxışına əlavəsində deyib ki, 2015-ci il, mayın 13-də FHN Binəqədi Rayon İcra Hakimiyyətinə məktub göndərib. Vəkil bildirib ki, həmin məktubda FHN icra hakimiyyətindən poliuretanla üzlənən binaların yanına yanğın söndürən maşınların yerləşdirilməsini istəyib: “FHN-nin həmin məktubuna 19 mayda- yanğın baş verən gün cavab verilib. Məktubda icra hakimiyyəti qeyd edir ki, lazımi təhlükəsizlik tədbirləri görülüb. Bu çox maraqlı faktdır. Necə olub ki, həmin gün cavab verilib? Məktublardan belə çıxır ki, bunlar əvvəlcədən yanğının baş verəcəyini bilirdilər. Əslində bu kifayət qədər ciddi faktdır ki, bu sənədlər, məktublar sonradan iş materiallarına əlavə olunub. Əgər FHN tələb edirdisə, niyə yanğın söndürən maşınlar binaların ətrafında yox idi?”.

Hakim Əfqan Hacıyevin bu suala cavabı belə olub: “Görünür, məsuliyyətsizlik ediblər”.

Vəkil İlhamə Həsənova: “Bu məsuliyyətsizliyi edənlər məsuliyyətə cəlb edilməlidir. Əgər binanın yanına yanğınsöndürən maşın qoyulsa idi, tüstüləmə baş verən zaman bu hadisənin qarşısı alınardı”.

Məhkəmə prosesi dekabrın 5-də davam edəcək.

Qeyd edək ki, poliuretan məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktorun müavini Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Əsgərov Ələkbər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəm oğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifəsində işləmiş rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq, onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.

Xatırladaq ki, rəsmi məlumata görə, yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

pia.az