backend

XALÇAÇI RƏSSAM: “BİZ ÖZ İŞİMİZDƏN ZÖVQ ALIRIQ”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər il may ayının 5-i respublikamızda “Xalçaçı günü” kimi qeyd olunur.  

Hər il may ayının 5-i respublikamızda “Xalçaçı günü” kimi qeyd olunur. 

Xalçaçı-rəssam, Əməkdar mədəniyyət işçisi Fazil Abasquluzadənin imzası ölkəmizdə olduğu kimi, xaricdə də tanınır. Onun Nizami Gəncəviyə həsr etdiyi süjetli, bədii-tematik əsəri ABŞ-da Karolina Universiteti muzeyinin fondunda saxlanılır. Xalçaçılıq sənətini sevib və sevdirməyi bacaran sənətkarın bu əsərində dahi şairə olan sevgisi ilə rəssamın xalça sənətinə bağlılığı sanki üst-üstə düşüb. O, həmçinin dünya şöhrətli fırça ustası Tahir Salahovun 50-yə yaxın rəngkarlıq əsərini xalçaya köçürüb. Həmin əsərlər Almaniyada, Fransada, Rusiyada, Portuqaliyada, İtaliyada və bir çox başqa ölkələrin sərgi salonlarında nümayiş etdirilmişdir

Qubadlı rayonundan olan xalçaçı-rəssam Fazil Abasquluzadə 34 ildir bu sənətlə məşğul olur. O, 1984-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun bədii qrafika fakültəsini bitirib və dövlət təyinatı ilə İsmayıllı rayonuna yollanıb. Elə bu illərdə də xalçaçılıq sənətini öyrənib, sevib və ona bağlanıb.

Xalçaçı-rəssam artıq 23 ildir Sumqayıt şəhərindəki emalatxanasında fəaliyyət göstərir. Bu balaca məkanda göz oxşayan xalçalar toxunur. Fazil Abasquluzadənin əsərlərində xalqın tarixi yaddaşından süzülüb gələn rənglərin, ornament və naxışların, süjet və obrazların yaratdığı bədii güc xalçanı həqiqi sənət zirvəsinə yüksəldir.

O, dəfələrlə respublika və beynəlxalq sərgilərdə iştirak edib. 2005-ci ilin oktyabrında Portuqaliyanın paytaxtı Lissabonda 36 dövlətdən dünya üzrə peşəkar rəssamların qatıldığı beynəlxalq sərgidə 8 əsəri nümayiş olunub. Dünyanın 25-dən artıq ölkəsinin muzeylərində əsərləri yer alır. 

Xalçaçılıq oturaq işdir, birgə sənətdir, tək rəssamın işi deyil. Ona görə də Fazil Abasquluzadə ərsəyə gələn xalçaları toxucu xanımlarla birgə işin məhsulu sayır. Naxışları xalçanın danışan dili adlandıran Fazil usta tarixi şəxsiyyətlərə həsr etdiyi xalçalarda həmin şəxslərin yaradıcılığını da əks etdirməyə çalışır.

Xalçaçı-rəssam Quba və Şirvan xalçaçılıq məktəbinin ənənələrini davam etdirir. Əsərlərində milli klassika, folklor üslubuna daha çox diqqət yetirir. Məqsəd milli mədəniyyətimizin qədimliyini qoruyub saxlamaq, gələcək nəsillərə ötürməkdir.

Fazil Abasquluzadə Respublika Rəssamlar İttifaqının, Beynəlxalq Rəssamlar fondunun üzvüdür. Onun toxuduğu xalçalar ayrı-ayrı zaman kəsiyində Ulu öndər Heydər Əliyevin vasitəsilə Amerikanın, Türkiyənin, Gürcüstanın, Ukraynanın sabiq prezidentləri Bil Klintona, Süleyman Dəmirələ, Eduard Şevardnadzeyə, Leonid Kuçmaya hədiyyə edilmişdir.

 

-Fazil müəllim, “Xalçaçı günü” münasibətilə Sizi təbrik edirəm.
– Çox sağ olun!
– Azərbaycan xalçaçılığın qədim tarixi var. Bu haqda tarixçi-alim Herodotun əsərlərində də rast gəlmək olar. 
– Azərbaycan xalçaçılıq sənətinin inkişafı Sasanilər dövründən başlanır. Həmin dövrdə çox vaxt ipəkdən və qızıl-gümüş saplardan nəfis şəkildə xalçalar toxunurdu. Bu sənət getdikcə təkmilləşdi. İndi bizim xalçalar Amerikanın, Avstriyanın, İngiltərənin, Misirin, Almaniyanın, Rusiyanın, Türkiyənin sərgi salonlarını və muzeylərini bəzəyir. Bu bizim milli sərvətmizdir. Bununla ancaq fəxr etmək olar.

– Bəzi qərb rəssamlarının əsərlərində, miniatürlərində bizim xalçalar da təsvir olunur, doğrudurmu?
– Bəli. Bir neçə misal çəkim. XV əsrdə Niderland rəssamlarından Nans Memlinqin “Məryəm öz körpəsi ilə” tablosunda Şirvan xalçası, Van Eykun “Müqəddəs Məryəm” əsərində “Zeyvə” xalçası, Alman rəssamı Hans Holbeynin “Səfirlər” (XV əsr) əsərində Qazax xalçası təsvir olunmuşdur. Ümumiyyətlə, Azərbaycanın Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ, Təbriz xalçaları dünyada öz gözəlliyinə, milli ornamentlərinə, rəng boyalarına görə çox məşhurdur.

– Aprel şəhidinin həyat yolunu ilmələrə köçürmüsüz. 

– Şəhidlərlə bağlı ilk işlərimdən biri “Şəhidlər” adlanan xalçadır. Sözügedən əsər Şəki Tarix-Diyarşünaslıq Muzeyində saxlanılır. Aprel döyüşlərində şəhid olan Əbdülməcid Axundovun portretindən sonra indi də şəhid Müşfiq Orucovun həyat yolunu özündə əks etdirən xalça toxuyuram.

– Azərbaycan xalçaçılığın inkişafında Lətif Kərimovun əməyi böyük olub. 
– Doğrudur. Onun əməyi danılmazdır. Lətif müəllim böyük şəxsiyyət idi. Onun yaradıcılığı bir məktəb, bir universitetdir desəm, yanılmaram. L.Kərimovun 1986-cı ildə Londanda yüzdən çox əsərinin fərdi sərgisi açılmışdı. Əsərləri arasında “Bəndi-Rumi”, “Xətai”, “Əsrlərin nəğməsi” və s. göstərmək olar. Azərbaycanda “Xalçaçılıq və xalq tətbiqi sənəti” dövlət muzeyinin onun adına verilməsi Lətif Kərimovun həqiqətən böyük bir şəxsiyyət olduğunu sübut edir. Onu da qeyd edim ki, Azərbaycan xalça muzeyi dünyada ilk muzey sayılır. Bununla ancaq öyünmək olar.
– Əsərlərinizin cöğrafiyası böyükdür. Xarici ölkələrdə də nümayiş olunur.
– Elədir. Bu gün mənim və mənimlə çiyin-çiyinə çalışanları əl işləri dünyanın 28 ölkəsində müxtəlif sərgi salonlarında və muzeylərində nümayiş etdirilib.
– Bir çox dövlət başçılarının şəkillərini zərif və çox nəfis şəkildə xalçaların üzərində görmüşük. Bəs respublikanın hansı tarixi şəxsiyyətlərini misal gətirə bilərsiniz?
– Ulu öndər Heydər Əliyev, Akademik Zərifə Əliyeva, Məhəmməd Hüseyn Şəhriyar, Məhəmməd Füzuli, Nizami Gəncəvi, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub və sair. 
– Sumqayıtda müəllimlər, həkimlər, jurnalistlər, dərzilər, saatsazlar sülaləsinə rast gəlinir. Estafet təcrübəli əllərdən gənclərə ötürülür. Ailə üzvlərinizdən sənətinizi davam etdirən varmı?
– Bəli, var! Oğlanlarım Tural və Niyad mənim sənətimin davamçılarıdır. İnanıram ki, estafet etibarlı əllərdədir.

– Xalça fərdi əməyin məhsulu deyil. Bu kollektivin birgə əməyidir.

– Doğru buyurursunuz ki, xalçaçılıq kollektiv əməyin məhsuludur. Bu haqda geniş məlumat verə bilərəm. Bununla belə, vaxtınızı çox almaq istəmirəm. 30 il ərzində mənimlə çiyin-çiyinə çalışanların adlarını iftixarla çəkə bilərəm. İsmayıllı, Lahıc xalçaçılıq məktəbinin yetirmələrindən Bəstini, Gülnazı, Həcəri, Zümrüdü, Həliməni, Mehparəni, Mələyi, İradəni, Rəmziyyəni, Gülzamanı, Almazı, Zəkəriyyəni, Bənövşəni, Şahnazı, Südabəni, Əsvəni, Sonanı, Quba xalçaçılıq məktəbinin yetirmələrindən Leylanı, Müqəddəsi, Rəsmiyyəni, Leysanı, Aybənizi, Sarıteli, Validəni, Məlahəti xüsuilə qeyd etmək istərdim. Onların yaratdıqları sənət əsərləri dünyanın 30 ölkəsində nümayiş etdirilib.
– Bəzi qələm sahibləri yorulanda deyir ki, Azərbaycan klassik şairlərinin bir neçə rübaisini oxuyandan sonra özümdə rahatlıq tapıram. Siz rahatlığı nədə tapırsınız?
– Mən də poeziya vurğunuyam. Bununla belə, hər bir xalçanı toxuyub başa çatdırandan sonra özümü rahat hiss edirəm. Ona görə yox ki, çiynimdən yük götürülür, xeyir, fikirləşəndə ki, öz əməyinlə kimisə sevindirə bilmisən, bax onda ovqatım həmişə xoş olur.
– Bilirik ki, xalça toxumaq asan başa gəlmir. Bunun üçün ideya tapılmalı, mövzu seçilməli, əsərin ana xətti müəyyənləşməlidir. Bunlarla yanaşı, maddi vəsait də tələb olunur. 
– Hər bir mövzu kollektiv tərəfindən müzakirə olunur. Müxtəlif rəylər irəli sürülür. Sağlam fikirləri qəbul edir və onun üzərində iş qurmağa başlayırıq. Bu, bizim iş üslubumuzun əsas şərtləridir. Onu da demək istəyirəm ki, milli xalq sənətimiz olan xalçaçılıq sənətinə dövlət tərəfindən diqqət və qayğı gərəkdir. Biz öz işimizdən zövq alırıq. Onun nəticələrini görəndə isə ikiqat sevinirik.
– Hazırda hansı əsər üzərində çalışırsınız?
– Yaradıçılığım davamlıdır. Azərbaycanın tanınmış şairi Musa Yaqubun yaradıcılığına həsr olunmuş “Bu dünyanın qara daşı göyərməz” adlı əsər üzərində işləyirəm. Azərbaycanın digər hörmətli və sevimli şairi Ramiz Rövçənə aid eskizlər demək olar ki, hazırdır. Bilirsiniz ki, Qarabağ bizim yaralı yerimizdir. Bu mövzuya da toxunmuşam. Tariximizlə bağlı yeni əsər üzərində işimi davam etdirirəm.

İlahə