“World Telecom” mağazalar şəbəkəsinin Yasamal filailının kredit mütəxəssisi olan 1991-ci il təvəllüdlü Mərvud Ağammədova cinayət işi açılıb.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, şirkət əməkdaşı Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə-Külli miqdarda zərər vurmaqla) maddəsi ilə ittiham olunub.
Bildirilib ki, “World Telecom”un əməkdaşı mağazanın anbarından çoxsaylı elektronika məhsullarını sənədləri saxtalaşdırma yolu ilə ələ keçirib. O, müxtəlif adamların adına kreditləşmə sənədi hazırlayaraq həmin məhsulları guya satdığı görüntüsü yaradıb. Daha sonra isə həmin malları anbardan götürərək aparıb və müxtəlif yerlərdə müxtəlif qiymətlərə nağd şəkildə sataraq işlədiyi şirkətə 85 min manata yaxın zərər vurub.
Cinayət əməllərinin üstü açıldıqdan sonar Mərvud Ağammədov işdən çıxarılıb.
İstintaq müddətində o, şirkətə vurduğu bütün zərəri ödəyib. “World Telecom”un rəsmi nümayəndəsi artıq M.Ağammədovdan şikayətçi olmadıqlarını bildirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 oktyabr 2024-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxs 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Lakin onun cəzası şərti hesab edilib və barəsindəki ev dustaqlığı qərarı da ləğv edilib.