Amerikanın “Washington Post” qəzeti İsrailin Qəzzaya hücumlarının diqqətəlayiq təhlilini dərc edib. Təhlildə İsrailin Qəzzada HƏMAS-ı məhv etmək məqsədinə hələ də yaxınlaşmadığı vurğulanıb və İsrailin ilk hədəfi olan Qəzzanın şimalında nəzarəti tam şəkildə saxlaya bilmədiyi iddia edilib.
Tribunainfo.az-ın xəbərinə görə, İsrail və HƏMAS arasında oktyabrın 7-də başlayan münaqişə ikinci aydır ki, davam edərkən, ABŞ-ın nüfuzlu media orqanlarından biri olan “Washington Post” diqqətəlayiq bir təhlil dərc edib.
Qəzetdəki təhlildə İsrailin HƏMAS-ın qalalarını ələ keçirə bilməyəcəyinə, yetərli sayda Həmas üzvünü öldürə bilməyəcəyinə, Qəzzada tunelləri bağlaya bilməyəcəyinə və HƏMAS-ın İsrail ərazisinə raket atmasının qarşısını ala bilməyəcəyinə diqqət çəkilib.
“Washington Post”un yazdığına görə, İsrail quru əməliyyatının ilk hədəfi olan Qəzzanın şimalında belə nəzarəti tam saxlaya bilməyib. Həmçinin HƏMAS-ın Qəzza şəhərinin bəzi rayonlarında intensiv hazırlıqlar gördüyü və şiddətli toqquşmalara hazırlaşdığı iddia edilib.
Qəzetin yazdığına görə, Qəzzanın Şucaiyye bölgəsi hələ də ələ keçirilməyən yerlər arasındadır. Bu rayon 2014-cü ildə İsrailin Qəzzaya hücumları zamanı HƏMAS üzvləri ilə ən şiddətli toqquşmaların baş verdiyi yer olub. İsrail ordusu Cəbəliyyədə nəzarəti tam saxlaya bilməyib. Ona görə də qeyd olunur ki, bu bölgələrdə hələ də ən qanlı qarşıdurmalar başlamayıb.