Azərbaycan Mətbuat Şurasının (MŞ) Reket Jurnalistikaya qarşı Mübarizə Komissiyasının səlahiyyətləri artırılır, tərkibi genişləndirilir.
Azərbaycan Mətbuat Şurasının (MŞ) Reket Jurnalistikaya qarşı Mübarizə Komissiyasının səlahiyyətləri artırılır, tərkibi genişləndirilir.
Sözügedən komissiyanın tərkibinə Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndələri də daxil edilib. Artıq qərar qəbul olunub, hansısa şikayət daxil olarsa komissiya hərəkətə keçəcək. Mətbuat şurasının bu gün qəbul etdiyi bu qərar mövcud problemin aradan qaldırılmasına hər hansı formada yardımçı olacaqmı?
Qaynar.info-nun baş redaktoru Zahir Əzəmət TİA.AZ-a bildirdi ki, Mətbuat Şurası belə məsələlərə qarışmamalıdır: “Bunun üçün məhkəmə, polis var. Mətbuat Şurası daha çox medianın texniki, maddi və peşə məsələləri ilə bağlı problemlərini araşdırmalı, həllinə yardım etməlidir. Hüquqi mübahisələr isə hüquqi müstəvidə həll olunmalıdır. Son illərin təcrübəsi də məhz bunu deyir. Məgər Mətbuat Şurasının illərdir bəyan etdiyi “qara siyahı”lar reket media problemini həll etdimi? Əksinə, bu tip saytların sayı daha da artdı, bir vaxtlar “reket” elan olunan media qurumlarından bəzilərinin indi dövlətdən ciddi maliyyə dəstəyi aldığını görürük. İndiki addım da heç bir problemi həll etməyəcək, əksinə, yenə də diqqəti medianın əsas problemlərindən yayındıracaq, başımızı dəxlisiz mübahisə və mövzularla məşğul edəcək. İndi əsas müzakirə olunası məsələlər başqadır.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) kimi bir qurumun yaranması, mediaya hər il külli miqdarda vəsaitin ayrılması niyə çap mediasının inkişafına yox, tənəzzülünə səbəb oldu? Niyə qəzet köşklərinin sayı azaldıldı və artıq yox dərəcəsindədir? Niyə Azərbaycanda milyardlarla manat vəsait xərclənərək, tikilən databazalar ola-ola internet mediası xarici ölkələrdən server alır? İnternet mediasının təhlükəsizliyi problemləri ilə hansı qurum məşğul olmalıdır? Niyə xaricdən uyğun peşəkarlar ölkəyə dəvət edilmir, seminarlar, ustad dərsləri keçirilmir? Niyə medianın reklam problemlərinin həlli istiqamətində heç bir real addım atılmır? Suallar çoxdur, Mətbuat Şurası da öz diqqətini məhz bu sualların cavabını tapmağa yönəltməlidir”.
AFN.az xəbər portalının baş redaktoru Həbibə Abdulla bildirdi ki, qərarı ümumilikdə təqdir edir: “İndiyədək Mətbuat Şurası şikayətlərə baxırdı, KİV-in adını “qara siyahı” deyilən reket KİV-lər siyahısına salırdı, bundan sonra müvafiq komissiya hüquqi addımların atılması üçün zəmin də hazırlayacaq. Doğrudan da, hazırda hamı medianı, jurnalistləri günahlandırır ki, pul aldı, pul istədi və s. Amma soruşan yoxdur ki, məmur niyə pul verdi? Ümid edirəm ki, bu məsələ yeni tərkibdə ətraflı şəkildə araşdırılacaq. Fikrimcə, daha yaxşı olardı ki, bununla bağlı yeni bir qurum yaradılsın. İstər Mətbuat Şurası, istər media sahəsində digər təşkilatlar obyektiv olmaya bilərlər. Xüsusilə də o halda ki, Mətbuat Şurası orada bir sıra hallarda obyektivlik nümayiş etdirə bilməyən, qərəzli münasibət sərgiləyən şəxsləri təmsil edəcək. Elşad Eyvazlı təmsil etdiyim afn.az saytının və şəxsən mənim haqqımda qərəzli və birtərəfli yazıları rəhbərlik etdiyi modern.az saytında dəfələrlə dərc edib. Yalnız bir dəfə qarşı tərəf kimi mövqeyimin verilməsinə şərait yaradıb, o da özümün tələbimdən sonar. Digər hallarda nəinki buna cəhd etməyib, hətta göndərdiyim mövqe saytda dərc olunmayıb. Daha yaxşı olardı ki, müvafiq komissiyada ümumiyyətlə KİV rəhbəri olmayan, hansısa maraqlara görə qeyri-obyektiv mövqe tutmayacağına əmin olduğumuz mütəxəssislər təmsil olunardı. Ümumilikdə, məsələnin nəzarətə götürülməsi müsbət haldır. Ümid edirəm ki, bundan mediaya qarşı təzyiq vasitəsi kimi istifadə edilməyəcək. Gerçəkdən də fəaliyyət jurnalistlərin ünvanına olan yersiz ittihamların araşdırılmasına yönələcək”.
AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov isə reket jurnalistlərə münasibətini bu cür ifadə etdi: “Rüşvəti təkcə alan yox, verən də məsuliyyət daşıyır. Reketçilikdə də təkcə pul istəyən jurnalistin deyil, o pulu verən şəxsin də məsuliyyəti var. Çünki o da cinayət ortağıdır. Alnı açıq olmayan məmur özü də bir növ reketdir. Amma bu halda sual çıxır: bir tərəfdə günahkar məmur, o biri tərəfdə günahkar jurnalist varsa, bəs onda reketlərdən şikayəti kim edəcək? Dairə qapanır axı? Məncə, bu məsələ təkcə şikayət əsasında tənzimlənməməlidir. Reket saytları heç bir şikayət olmadan, müstəqil qaydada müəyyən edən qrup, yaxud komissiya yaradılmalıdır. Reketi tanımaq çox asandır. Mənə 100 məqalə göstərin, sizə 99 faiz dəqiqlikdə deyim ki, onlardan hansı reketlik məqsədilə yazılıb. Pul qoparmaq məqsədilə yazılan yazı dərhal bilinir. Sadəcə olaraq, işə ciddi yanaşılmalı, qanunvericilik sərtləşdirilməlidir. Reketlərə Azərbaycan jurnalistikasının üz qarası kimi çox amansız yanaşmaq lazımdır. Ən yumşaq cəza, məsələn, reketlik edən saytı bir neçə günlüyə ölkə ərazisində bloklamaq ola bilər. O halda məsələ yavaş-yavaş yoluna düşəcək. İndiki durumda isə, neçə ildir ki, araba qaldığı yerdən tərpənməyib”.
NUH.az saytının bas redaktoru Kamran Məhərrəmli bildirdi ki, reketlik təkcə mətbuatın deyil, cəmiyyətin problemidir: “Keçmiş Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı baş verən rüsvayçılıq bir daha sübut etdi ki, reketlik cəmiyyətimizin bütün sferalarında yayılıb. Ona görə də reketliyə şərait yaradan mühit aradan qaldırılmasa, hər hansı mübarizənin uğurlu olacağına əmin deyiləm”.
İlahə