AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin “qara qutularının” dekodlaşması ilə məşğul olan komissiyanın üzvləri oxunmuş məlumatlarla yaxın günlərdə Astanaya gələcək.
Bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib.
Ekspertlər dərhal “qara qutunun” məlumatlarının öyrənilməsinə başlayacaq.
Qeyd edək ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.