Xəbər verdiyimiz kimi bu gündən etibarən “Volt” çatdırılma xidməti Azərbaycanda fəaliyyətini dayandırıb. AQTA-nın apardığı yoxlamalar zamanı şirkətin fəaliyyətində nöqsanlar aşkarlayıb.
Şirkətin Azərbaycan bazarından çəkilməsi hansı çətinliklər yaradacaq, minlərlə gəncin işsiz qalması hansı nəticələri verə bilər?
Məsələ ilə bağlı Tribunainfo.az-a danışan iqtisadçı-ekspert Günay Hüseynova bildirdi ki, “Volt”un Azərbaycan bazarında fəaliyyətini dayandırması ilə bağlı bir çox səbəblər var idi. Onlardan ən mühimi qida məhsullarından istifadə zamanı gigyenik qaydaların pozulması, istehlakçıya məhsulun çatdırılmasına qədərki bütün etaplarda qayda və normaların ciddi şəkildə pozulması olmuşdur. Həmçinin, gigyenik qaydaların pozulması ilə yanaşı çalışan işçilərin sağlamlıq kağızının olmaması halı da aşkarlanmışdır.
“Təbii ki, aşkarlanan nöqsanlar ciddi problem olduğu üçün şirkət dərhal fəaliyyətini dayandırmalı idi. Ümumiyyətlə, ölkəmizdə fəaliyyət göstərən şirkətlər birmənalı olaraq bilməlidir ki, digər ölkələrdə normalar necə qorunursa ölkəmizdə də bu prosedur elədir. Ölkəmizin xüsusi ilə də iqtisadiyyat nazirliyinin və onun tabeliyindəki bazara nəzarət edən qurumlar üçün əsas prioritet məsələ insan sağlamlığıdır nəinki, hansısa bir şirkətdən dövlət büdcəsinə daxil olan vəsait.
İstər yerli, istər xarici sahibkarlarda da müəyyən qayda pozuntusu aşkarlanır. Lakin əsaslı səbəb olduqda şirkətin fəaliyyəti dərhal dayandırılır. İqtisadi tərəfdən yanaşsaq təbii ki, insanların işsiz qalması deməkdir. Nəzərinizə çatdırım ki, bu sahə yeni yaranmışdı, yəni işsiz qalan qisim başqa sahədə də çalışa bilər. Digər qida daşınması həyata keçirən şirkətlər də var. Məsələnin maddi tərəfindən baxsaq büdcəyə daxil olan vəsait çox cüzi olduğu üçün iqtisadiyyatımıza hərhansı bir əks təsiri yoxdur. “Volt”un fəaliyyətini dayandırması Azərbaycan bazarında hər hansı bir çətinlik yaratmayacaq. Restoran və kafelər B2B elektron ticarət sistemini yaradıb, çatdırma xidmətini həyata keçirə bilərlər”.
Qeyd edək ki, “Volt” Azərbaycanda çatdırılma xidməti ilə məşğul olan ən böyük şirkət idi.
Xatırladaq ki, 2023-cü ildə narkotik daşıyan “Wolt” kuryerləri də saxlanılmışdı.