Viza möhürlərindən Ağrı dağı silindi: Paşinyan hansı mesajı verir? — AÇIQLAMA

Viza möhürlərindən Ağrı dağı silindi: Paşinyan hansı mesajı verir? — AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hökumətinin ölkəyə giriş-çıxış zamanı pasportlara vurulan viza möhürlərindən Ağrı dağının təsvirini çıxarmaq qərarı regional siyasətdə maraqla qarşılanıb. Bu addım həm simvolik məna daşıyır, həm də Ermənistanın gələcək siyasi kursu barədə müxtəlif suallar doğur.

Ermənistan hökumətinin viza möhürlərindən Ağrı dağının təsvirini çıxarmaq qərarını necə qiymətləndirirsiniz?

Sizcə, bu addım Ermənistanın daxili auditoriyaya, yoxsa beynəlxalq aləmdə verdiyi mesaj kimi dəyərləndirilməlidir?

Ermənistanın belə bir qərarı regiondakı siyasi münasibətlərə, xüsusilə də Türkiyə ilə əlaqələrinə necə təsir göstərə bilər?

Məsələ ilə bağlı Tribunainfo.az-ın suallarını cavablayan siyasi ekspert Elşən Manafov bildirib ki, Ermənistan hökumətinin ölkəyə giriş-çıxış üçün istifadə olunan pasportlara vurduğu möhürdən Ağrı dağının təsvirinin çıxarılması regional, o cümlədən Türkiyə ilə perspektiv münasibətlərə dair siyasətində hələlik rəmzi xarakter daşıyan ismarıc kimi qəbul oluna bilər.

“Bununla belə, bu rəmz onun regional siyasətin həyata keçirilməsində siyasi iradəsinin ifadəsi kimi də diqqət cəlb edib. Heç şübhəsiz ki, bu addım regionda geosiyasi maraqları və iddiaları olan tərəflərə rəsmi İrəvanın mesajı, habelə ölkədə keçiriləcək parlament seçkiləri və referendum sorğusu ərəfəsində cəmiyyətin və siyasi qüvvələrin nəbzini ölçmək, onların reaksiyasını müəyyənləşdirmək üçün kəşfiyyat xarakterli bir gedişdir.
Uzun müddət Qərb və Rusiya arasında qarşıdurmada manipulyasiyalarla məşğul olan Paşinyan məlum geosiyasi güc mərkəzləri arasındakı konfrontasiyadan maksimum bəhrələnərək ehtiyat rezervlərini gücləndirə bilib. İstisna deyil ki, Paşinyan bu manipulyasiyalarla rəsmi Ankara, habelə Bakı tərəfindən ona qarşı ola biləcək təhlükələrdən, həmçinin hakimiyyət daxilindən və xaricdən yönələ biləcək təhdidlərdən sığortalanmaq məqsədi ilə bu addımı atıb.

Lakin Vaşinqton razılaşmaları ilə rəsmi İrəvan artıq müəyyən öhdəliklər götürüb və istisna deyil ki, rəmzi səciyyə daşıyan bu qərarı ilə tərəfləri bundan sonra ata biləcəyi addımların perspektivdə doğura biləcəyi reallıqlara kökləmək istəyir. Məlum güc mərkəzlərindən ala biləcəyi siyasi və maliyyə dəstəyi onun islahatların sonrakı mərhələsində qəbul edəcəyi qərarlarda təminatverici amil kimi çıxış edə bilər və Paşinyan da buna ümid edir”.

Dəniz Pənahova