Vikipediyadakı problemi necə həll etmək olar?backend

Vikipediyadakı problemi necə həll etmək olar?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz Vətən müharibəsi ilə bağlı məlumatların vikipediyadan silinməsi xəbərlərinə münasibət bildirib. 

Tribunainfo.az xəbər verir ki, o bu barədə feysbuk hesabında yazıb.

O.Gündüz Azərbaycan vikipediyasındakı problemi necə həll etməyin yollarını açıqlayıb: “Qaydalara görə, qurumlar vikipediyaya şikayət verə bilməzlər.

İlk onu qeyd edim ki, qlobal informasiya mənbəyi olaraq Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, Azərbaycan maraqlarının qorunmasında və ölkəmizin informasiya müharibəsində əldə etdiyi uğurlarda Azərbaycan vikipediyası mühüm rol oynayıb.

Doğrudur, resurslarımız burada yetərli deyil, amma qeyd olunan sahələrdə bu qlobal platformanın oynadığı rol, müzakirə predmeti ola bilməz. Şübhəsiz ki, ictimai əsaslarla, pulsuz, qeyri-kommersiya yönümlü fəaliyyət göstərən vikipediyanın Azərbaycan icmasının da bu sahədə böyük rolu olub.

Baş verənlərdən görünür ki, son bir neçə ildir, həqiqətən də platformanın Azərbaycan seqmentini idarə edən “Azwiki” icmasında, idarəedicilər arasında, idarəedicilərlə icma arasında ciddi fikir ayrılıqları var. 

Xüsusilə də qlobal, ictimai bir platforma olan vikipediyanın qaydaları və siyasətinin Azərbaycana tətbiq edilməsi sahəsində Azərbaycan idarəçiləri (15 idarəçi var) arasında kəskin qütbləşmə yaranıb.

Yəni belə demək mümkünsə, “tərəflər” formalaşıb. Və bütün bunlar da sonda Azərbaycan üçün strateji əhəmiyyəti olan məsələlərdə (məqalələrin statusunun müəyyən edilməsi, şəhidlərin səhifələrinin silinməsi, alimlərin səhifələrinin silinməsi və s.) özünü göstərməyə başlayıb.

Məqalələrin silinməsi və ya redaktə olunması ilə bağlı narazılıqlar icmanın iadrəediciləri arasında müzakirə səviyyəsini aşıb. Uzun müddətdir ki, icma bu məsələni yoluna qoya bilməyib və narazılıqlar daha da kəskinləışib. Problem icma səviyyəsində öz həllini tapa bilmir.

Belə olan halda isə vikipediya qaydalarına görə müzakirəni daha üst səviyyəyə çıxarmaq vacibdir. Yəni düşünürəm ki, böhranın dərinləşməsindənsə, bu qlobal resursdan Azərbaycan maraqları üçün daha effektiv istifadə etmək üçün problemi sivil yollarla, viki qaydalarına uyğun həll etmək lazımdır”.

O qeyd edib ki, bu kimi hallar Türkiyə və digər ölkələrdə də olub: “Türkiyədə PKK ilə bağlı məqalələrdə, Ukrayna-Rusiya müharibəsi ilə bağlı məqalələrdə, İsrail və Fələstin müharibəsi ilə bağlı məsələlərdə oxşar situasiya yaranmışdı. Bu problemlər isə zamanında vikipediyada ən yuxarı səviyyədə həll olunub.

“Wikipedia İcma Portalı” və Arbitraj Komitəsi adlanan qurumlar məhz bu tip problemlərin həllinə cavabdehdir.

Azərbaycan dilindəki vikipediyada hələlik ayrıca Arbitraj Komitəsi təəssüf ki, qurulmayıb. Amma digər dillərdə olan, məsələn ingilisdilli vikipediyanın Arbitraj Komitəsinə şikayət etmək məqbuldur. Arbitraj Komitəsi istifadəçilərin şikayətlərini qəbul edərək tərəflərin arqumentlərini nəzərdən keçirib, onların viki qaydalarına uyğun olmasını araşdırır və yekun qərar qəbul edir. Qərar icma idarəçilərinin kənarlaşdırılması, məqalələrin statusu və ya redaktəsi və s. ilə bağlı ola bilir. Odur ki, təklif edərdim, ləngimədən idarəçilərdən və ya istifadəçilərdən adıçəkilən qurumlara müraciətlər edilsin. Ünvanlar, e-maillər, müraciət formaları vikipediyada var.

Yeri gəlmişkən, xatırladıram ki, dövlət qurumlarının, şirkətlərin və QHT-lərin birbaşa Arbitraja müraciət etməsi vikipediya qaydalarına ziddir. Gərək qurumlar hansısa istifadəçi və ya idarəçinin vasitəsilə yuxarda adıçəkilən qurumlara müraciət ünvanlasın”.