Gündəlik “Vietnam+” qəzetinin Azərbaycana həsr olunan xüsusi buraxılışı dərc edilib.
Gündəlik “Vietnam+” qəzetinin Azərbaycana həsr olunan xüsusi buraxılışı dərc edilib.
“Odlar yurdu – Azərbaycan” adlı xüsusi buraxılışda ölkəmizin tarixi, coğrafi mövqeyi, mədəniyyəti, multikulturalizm dəyərləri, müasir inkişafı, turizm potensialı, mətbəxi, habelə Azərbaycan-Vyetnam əlaqələri, ulu öndər Heydər Əliyevin və Vyetnam xalqının böyük oğlu Xo Şi Minin bu münasibətlərin yaranmasındakı rolu, Azərbaycan və Vyetnam prezidentlərinin qarşılıqlı səfərləri barədə ətraflı məlumatlar əksini tapıb.
Qeyd olunur ki, Cənubi Qafqazda, Avropa və Asiyanı birləşdirən tarixi nəqliyyat yollarının üzərində, qədim sivilizasiyalar və mədəniyyətlər qovuşuğunda yerləşən Azərbaycan əlverişli coğrafi mövqeyi ilə regional iqtisadi əməkdaşlıq və dünya mədəniyyəti üçün xüsusi önəm daşıyır. Çoxmillətli və çoxkonfessiyalı diyar olaraq tarixən tolerant və multikultural dəyərləri ilə seçilən Azərbaycanda 98 il əvvəl Şərqin ilk dünyəvi, demokratik dövləti qurulub.
Müstəqilliyin bərpasından ötən 25 il ərzində siyasi, hüquqi, iqtisadi və digər istiqamətlər üzrə həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda möhkəm əsaslı dövlət qurulduğu, iqtisadi, sosial sahədə böyük inkişafın təmin olunduğu, əhalinin rifah halının yüksəldiyi qeyd edilir. Bildirilir ki, Azərbaycanda böyük enerji, nəqliyyat və infrastruktur layihələri icra edilib, yeni dəniz və hava limanları tikilib, avtomobil yolları çəkilib.
Ölkəmizin coğrafi şəraiti haqqında məlumat verən qəzet yazır ki, Azərbaycana səfər edən turistlər burada təbiətin hər cür gözəlliyi ilə rastlaşa bilərlər. Bu, heç də təəccüblü deyil, çünki Azərbaycanda 11 iqlim qurşağından 9-na rast gəlmək mümkündür.
Azərbaycana aid fotoşəkillərlə zəngin olan xüsusi buraxılışda bildirilir ki, ölkəmiz fərqli təbiəti, zəngin mədəniyyəti, memarlıq abidələri, görməli yerləri, dadlı mətbəxi ilə dünya turizm xəritəsində layiqli mövqe tutur.
Bakını Qafqazın iqtisadi və mədəni mərkəzi kimi səciyyələndirən “Vietnam+” yazır ki, Azərbaycan paytaxtına gələnlər İçərişəhər, Qobustan, Atəşgah kimi tarixi yerlərə, habelə Yanardağa, palçıq vulkanlarına baş çəkmək imkanı qazanırlar.
İki ölkə arasında dostluq münasibətlərinin tarixindən söz açılan nəşrdə Vyetnam xalqının böyük oğlu Xo Şi Minin və ulu öndər Heydər Əliyevin bu əlaqələrin yaranmasındakı müstəsna xidmətləri barədə məlumat verilir. Bildirilir ki, Xo Şi Min 1959-cu ildə Bakıya səfər edərək Azərbaycanı Vyetnamın neft sənayesinin inkişafına kömək etməyə çağırıb. Ötən müddətdə yüzlərlə azərbaycanlı mütəxəssis Vyetnamda neft sənayesinin dirçəldilməsinə böyük töhfələr verib. Bundan başqa, bir çox vyetnamlı gənc Azərbaycanda ali təhsil almaq imkanı qazanıb. Xüsusi buraxılışda ulu öndər Heydər Əliyevin keçmiş SSRİ
Nazirlər Soveti sədrinin birinci müavini kimi Vyetnama səfərinin, habelə müstəqillik illərində Vyetnam və Azərbaycan prezidentlərinin qarşılıqlı səfərlərinin ikitərəfli əlaqələrin inkişafındakı rolundan bəhs edilir.
Nəşrin onlayn versiyasına ölkəmizə aid bir neçə video, habelə Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov ilə müsahibənin videosu əlavə edilib.