backend

Vidadi Zeynalov: “Əli Abbasov nə deyirdi, biz də onu edirdik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam edib. 

Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam edib.


Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
 
Şahid Adil Qasımov ifadəsində bildirib ki, “Yeni Həyat” MMC-də direktor olub: “Biz ATS-lərin tikintisi ilə məşğul olurduq. Tapşırılan işləri həyata keçirirdik. Tenderlərdə iştirak edirdik. Tikinti işlərini aparmaq üçün müxtəlif məbləğlər ayrılırdı. İşlər başa çatanda pul artıq qalardısa, bunu “Aztelekom”un rəhbərliyinə geri qaytarırdıq”.
 
Şahidin ifadəsinə etiraz edən “Aztelekom” MMC-in baş mühasibi Oqtay Rüstəmov qeyd edib ki, onu indiyə qədər görməyib: “Bu yox, bunun işçisi mənim yanıma gəlirdi. Hansısa rayonun işi gecikmişdi. O, mənə dedi, işi Vidadi Zeynalovla həll eləmişik. Vidadi müəllim burdadır, özü də deyə bilər. Mən bu şəxsi görməmişəm”.
 
Şahid istintaqa verdiyi ifadələrində pulu baş mühasib Oqtay Rüstəmova verdiyini bildirib.

Həmin ifadə ilə məhkəmədəki ifadə arasında ziddiyyət olduğundan istintaqa verilən ifadə elan olunub.
 
Şahid məhkəmədə verdiyi ifadəsini təsdiqləyib: “İndi görmüşəm ki, mən hamballıq eləmişəm. Bizə ayrılan 80 min pulun 40 faizini “Aztelekom”a qaytarmışıq”.
 
Sonra şahid qismində Poçtdaşıma Mərkəzinin rəisi Fikrət Vəliyev ifadə verib. O, ifadəsində bildirib ki, təqsirləndirilən şəxsləri yalnız işgüzar işlərə görə tanıyır.
 
Şahid Əhməd Mehdiyev ifadəsində qeyd edib ki, Bakı Telefon Rabitə İstehsal Birliyinin baş direktorun müavini olub: “İşim kabel çəkilişləri nəzarət etmək olub. Avropa Oyunları zamanı kabelləşmənin 200 kilometrliyini qovşaqlar,  qalan hissəsini isə özəl şirkətlər görüb. Qovşaqlardan orada iş görənlərin siyahısını mənə veriblər.  Mən də imza etdirmişəm, sonra geri qaytarmışam. Hər işi görənə 100 dollar verilib.  Bu, ilkin verilən pullar olub.  Sonradan pul verilibsə,  bundan xəbərim olmayıb”.
 
Beytulla Hüseynov bildirib ki,  Avropa Oyunları zamanı görülən işlərin dəyəri 10 milyon manat olub: “Əvvəlcə bizə 5 milyon manat verdilər,  material aldıq. Sonradan Maliyyə Nazirliyinə müraciət elədik,  qalan pulu vermədilər”.
 
Prosesdə şahid qismində Namazəli Məmmədovun bacısı oğlu Rəşad Məmmədov ifadə verib. O, ifadəsində “Optik Tikinti Montaj” MMC şirkətində iş icraçısı olub.
 
Bu zaman vəkil Şahin Rəfiyev şahidin ifadəsinə etiraz edib ki. O deyib ki, ifadə verən şəxs proseslərin hamısında iştirak etdiyindən şahid kimi dindirilməsin.
 
Hakim vəsatəti təmin etməyib. Rəşad Məmmədov istintaqa verdiyi ifadəni təsdiqlədiyini deyib.
 
Şahid qismində “Qafqaz İnşaat” MMC-in rəhbəri Qorxmaz Həziyev ifadə verib. O, ifadəsində bildirib ki, rayonlarda tikinti təmir işlərini həyata keçirib: “Bütün işləri tam yerinə yetirmişik. Hətta icra başçııları, deputatlar bizim işimizdən razı idilər”
 
O, ifadəsində qeyd edib ki,şirkətin gördüyü işlərin həcmi 22 milyon manat olub: “Həmin pulların nə qədəri gəlir olub, xəbərim  yoxdur”.
 
Vəkil Ceyhun Yusifovun suallarını cavablanıdıran şahid bildirib  ki, sabiq nazir Əli Abbasovun qaynı Elçin İbrahimovla yaxın dost olub: “2001-ci ildən Elçinlə dost olmuşuq. Elçinə nə vaxt usta material lazım olurdusa, mən göndərirdim”.
 
Vidadi Zeynalovun vəkilləri şahidin ifadəsinə etiraz edərək onun istintaqa verdiyi ifadə arasında ziddiyyətlər olduğunu qeyd ediblər.
 
 
Vidadi Zeynalov şahidin ifadəsinə əsasən çıxış edib. O qeyd edib ki,  həmin işlərə nazirin göstərişi ilə nəzarət ediblər: “Nazir nə deyirdi, onu icra edirdik. Şişirdilmiş rəqəmlər də göndərilirdi. Nə qədər deyirdi, o qədər göndərirdik. Hər şey onlara aidiydi”.
 
Proses nahar fasiləsi verib.
 
Qeyd edək ki, Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.
 
Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdəç olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
 
Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.
 
İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.