Vəzifə səlahiyyətlərindən sui-istifadə edən şirkət rəhbəri ilə bağlı QƏRARbackend

Vəzifə səlahiyyətlərindən sui-istifadə edən şirkət rəhbəri ilə bağlı QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali Məhkəmədə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirləndirilən Məmmədov Çingiz Nəriman oğlunun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və kassasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, protest və şikayət təmin edilməyib.

İttihama görə, 1969-cu il təvəllüdlü Çingiz Məmmədov MMC-lərdən birinin təsisçisi və direktoru vəzifəsində çalışır. O, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə və qulluq mənafeyi tələb etdiyi halda qəsdən istifadə etməməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Təqsirləndirilən şəxs Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən vahid niyyətlə xeyli sayda işçiləri işlərin yerinə yetirilməsinə cəlb etmiş, xeyli miqdarda vergiləri və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən vahid niyyətlə qəsdən yayınmış, vəzifəli şəxs qismində şəxsi niyyətlə rəsmi sənədə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törədib.

Belə ki, Çingiz Məmmədov şirkətin Şamaxı rayonu ərazisində xüsusi mülkiyyətində olan 103,666 hektar torpaq sahəsinin 46 hektarında üzümçülük fəaliyyəti ilə məşğul olub. 2011-ci ilin yanvar ayından 2020-ci ilin sentyabr ayınadək olan müddətdə qeyd edilən torpaq sahəsində həmin üzümçülük fəaliyyətinin təmin edilməsi üçün ayrı-ayrı şəxsləri, ümumilikdə 25 nəfəri ərazidə xüsusi aqrotexniki, köməkçi, fəhlə, sürücü, traktorçu və digər işlərə cəlb edərək onları əmək müqaviləsi bağlamadan 2014-cü ilin fevral ayından 2020-ci ilin sentyabr ayınadək olan müddətdə çalışdırıb. O, bu yolla ümumilikdə 67 695,08 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı və gəlir vergisini dövlət büdcəsinə ödəməkdən qəsdən yayınıb.

Şamaxı Rayon Məhkəməsinin hökmü ilə Çingiz Məmmədov Cinayət Məcəlləsinin (CM) 162-1.1, 313 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, ona CM-in 162-1.1 və 313-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə, cəza təyin edilməyib, CM-in 308.1-ci maddəsi ilə 2000 manat cərimə cəzası təyin olunub, CM-in 213.1-ci maddəsinə aid hissədə CPM-in 42.1.2-ci maddəsinə əsasən bəraət verilib.

Hökmdən zərərçəkmiş hüquqi şəxslər – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayətləri və dövlət ittihamçısı apellyasiya protesti verib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayətləri təmin olunmayıb, apellyasiya protesti isə qismən təmin edilib. Belə ki, Şamaxı Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli hökmü apellyasiya protestinə əsasən məhkum CM-in 308.1-ci maddəsi ilə 2000 manat cərimə cəzası təyin edilməsi hissəsində dəyişdirilib, həmin maddə ilə aylıq qazancından 20 faiz tutulmaqla o, 2 il müddətinə islah işləri cəzasına məhkum edilib. Daha sonra sözügedən dövlət qurumları apellyasiya şikayətləri, prokuror isə apellyasiya protesti ilə Ali Məhkəməyə müraciət edib.