Azərbaycanda ən böyük marketlər şəbəkəsinə sahib olan “Veysəloğlu” şirkəti ilə bağlı daha bir qalmaqal ortaya çıxıb. Tribunainfo.az xəbər verir ki, qalmaqala səbəb şirkətdə çalışan, amma şikayətçi olan işçilərə xüsusi “cəza” verilməsidir.
“Hüquqşünaslar” səhifəsinə şikayət edən adının çəkilməsini istəməyən xanım işçi bildirir ki, “Araz” marektlərdən birində kassir işləyib. Lakin 7 ay bundan öncə öz ərizəsi ilə işdən çıxıb. “İşdən çıxandan bəri heç bir yerdə işə düzələ bilmirəm. Bütün mağazalara CV yazmışam, hamısı çağırır, şəxsiyyət vəsiqəsini komputer də yazır, sonra da ya “yer yoxdu” deyirlər, ya da çox uzaq yerdəki vakansiyanı təklif edirlər”.
Şikayətçi uzun zaman məsələni araşdırdıqdan sonra məlum olub ki, “Veysəloğlu” şirkəti onu “vəzifə öhdəliklərini düzgün yerinə yetirə bilməməsi” səbəbindən işdən çıxarıb. “Halbuki mən öz ərizəmlə işdən çıxmışam. Bu nə dərəcədə düzdür?”
Vaxtıyla “Veysəloğlu”da çalışmış bir başqa işçi də bu məlumatı təsdiqləyib və bildirib ki, analoji hadisə onun da başına gəlib. Belə ki, o, çalışdığı müddət 3 ayı keçmədən ərizə ilə işdən çıxıdığına görə, şirkət onun barəsində də həmin maddə ilə qərar çıxarıb.
Ümumiyyətlə, “Veysəloğlu” şirkətində çalışmış şəxslər bildirirlər ki, bu şirkətdə şikayətçi olan və ya narazılıq edən şəxsləri adətən belə üsullarla “cəzalandırırlar”. Şirkət rəhərliyinin göstərişinə əsasən şikayətçi və ya narazı olan şəxsi 70C maddəsi ilə işdən çıxarırlar ki, həmin adamlar sonra gedib başqa yerdə iş tapa bilməsinlər.
Hüquqşünas Mamed Səlimov bildirir ki, “Veysəloğlu” şirkətinin qərarı məhkəmədə mübahisələndirilə bilər. O qeyd edir ki, şirkətlər adətən əmək kitabçasına bir şey, Əmək Müfəttişliyinin elektron sisteminə isə başqa bir şey yazırlar. “Şikayətçi xanım öncəliklə əmək kitabçasına baxmalıdır. Daha sonra isə sistemdə haqqında hansı maddə ilə qərar verildiyini yoxlamalıdır. Və məhkəməyə müraciət edərək, öz hüquqularını bərpa etməlidir”.