Azərbaycanda Vətən müharibəsi iştirakçılarının, qazilərin, şəhid ailələrinin, aztəminatlı ailələrin sosial problemlərinin ictimailəşməsi ciddi şəkildə əngəllənir. Bu maneəni yaradan qüvvələrin mütəşəkkil bir dəstə olduğu və qazilərin səsinin eşidilməsinə şərait yaradan KİV-lərə təzyis göstərdiyi bildirilir. Bu barədə Səngər TV rəhbəri Aqil Alışov Prezident İlham Əliyevə və hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciətdə açıqlayıb. Baş redaktor çıxışı zamanı bəyan edib ki, bu işin arxasında dayanan güc “Veysəloğlu” Şirkətlər Qrupudur. Ölkədə pərakəndə, topdansatış, logistika, idxal, distribusiya, istehsal sahələrində fəaliyyət göstərən şirkət öz sektorunda iş görməyi bir kənara qoyaraq mediaya basqı göstərir, maliyyələşdirdiyi mütəşəkkil qrupların əli ilə Səngər TV-ni hədələyir, onun fəaliyyətini dayandırmağa çalışır. A.Alışov deyib ki, şirkətin rəhbəri Aydın Talıbovdur və “Veysəloğlu” qazilərin susdurulması, problemlərinin dilə gətirilməməsi üçün həmin “qoçu dəstə”lərinə sponsorluq edir. Baş redaktor bildirib ki, rəhbəri olduğu Səngər TV-ni bloklamağa, yayımını dayandırmağa cəhd göstərilir. O, ölkə başçısından və hüquq-mühafizə orqanları rəhbərlərindən bu müraciət əsasında araşdırma aparılmasını xahiş edib. Maraqlıdır ki, “Veysəloğlu” şirkətinin işi qida sahəsində, digər xidmət sektorlarında fəaliyyət göstərmək olduğu halda, qazilərin problemlərinin işıqlanması bu şirkəti niyə narahat edir? Aydın Talıbov həmin dəstələri nə üçün maliyyələşdirir? Hər halda suallara aidiyyatı orqanlar daha aydın cavab tapacaqlar…
Azər Talıbov