“Veteranlara 4 milyon tapmaq çətindir?” – Deputat tənqid etdi, nazir müavini cavab verdi

“Veteranlara 4 milyon tapmaq çətindir?” – Deputat tənqid etdi, nazir müavini cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Qaldırdığım məsələlər öz həllini tapmır. Əgər millət vəkilinin qaldırdığı məsələ həllini tapmırsa, biz niyə bu məsələni qaldırmalıyıq?”
Bakupost.az xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
Müharibə veteranlarına verilən 80 manat müavinətlə bağlı danışan V.Əhmədov bu məbləğin artırılmasının zəruri olduğunu bildirib:
“182 minə yaxın müharibə veteranı var. Demirik ki, həmin müavinəti bu dəqiqə 300-345 manat edin. 20 və ya 40 manat artırın. İnsanlar bilsin ki, bu məsələ öz həllini tapır. Amma prinsipial mövqe göstərirsiniz ki, yox, bu həll olunmur. İyirmi manat artırsanız, ayda haradasa 3,5-4 milyon, 40 manat artırsanız 7-8 milyon vəsait lazımdır. Bunu tapmaq mümkün deyil? Biz bu məsələni qaldırırıqsa, münasibət bildirilməli və bu, öz həllini tapmalıdır. İnsanlarla millət vəkilləri işləyir. Xahiş edirəm ki, 80 manat məsələsi ilə bağlı istər Maliyyə Nazirliyi, istərsə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müsbət addım atsınlar. İnsanlara bununla bağlı cavab verə bilmirik”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında maliyyə nazirinin müavini Azər Bayramov V.Əhmədovun tənqidinə cavab verib.
O bildirib ki, Azərbaycanın dövlət büdcəsinin sosial yönümlülüyü heç kimdə şübhə doğurmur:
“Hökumət, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial məsələlərə kompleks yanaşır, onları illik büdcə hazırlanarkən nəzərə alır”.
Nazir müavini bildirib ki, deputatların müavinətlərlə bağlı qaldırdığı məsələ aktualdır:
“Qaldırılan məsələ həssasdır. Bunun prioritet istiqamətlərdən ən vacibi olduğu heç kimdə şübhə doğurmur. Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu proseslərə daha kompleks baxır. Təkliflər yəqin ki, individual qaydada yox, kompleks yanaşmadan irəli gəlməlidir. Burada təqdim olunan paketə birgə baxılması məsələsi daha öndədir. İstənilən halda sizin həyəcanla qaldırdığınız məsələ aktualdır. Yəqin ki, hökumətdə bu məsələyə baxılacaq. Bizdə bu praktika var ki, millət vəkillərini dəvət etməklə bu məsələ daha geniş müzakirə oluna bilər”.