Bunu Moderna.az-a açıqlamasında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.
Komissiya üzvünun fikrincə, əfv sərəncamı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tarixi ərəfəsində – 28 mayda imzalana bilər.
“Lakin sərəncamın dəqiq hansı tarixdə imzalanacağı, bu sərəncamın nə qədər məhkuma şamil edilməsi prezident İlham Əliyevin müstəsna səlahiyyətlərinə aid olduğu üçün qəti bir fikir söyləmək çətindir”.
Əliməmməd Nuriyev müraciətlərin kimlər tərəfindən edildiyini və hansı təfsilatda olduğunu açıqlamağı doğru saymayıb:
“Bu fərdi məlumatlardır və qanunla qorunur. Əfv Məsələləri Komissiyasının üzvləri kimlərin müraciət etməsi barədə məlumat verməkdə haqlı deyil. Bu, qanunvericilik qaydalarına, etik davranış qaydalarına ziddir.
Amma onu deyə bilərəm ki, Cinayət Məcəlləsində nəzərdə tutulan əksər maddələrlə bağlı məhkum olunmuş şəxslərdən komissiyaya müraciət daxil olub. Sağlamlıq, mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət, nəqliyyat sahəsində olan cinayətlər, narkotik vasitələrin qanunsuz dövriyyəsi, vətənə xəyanətlə bağlı və digər kateqoriya üzrə məhkum olunmuş şəxslərdən müraciətlər daxil olub. Amma konkret olaraq kimlərin müraciət etməsi barədə həmin şəxslərin özləri məlumat verə bilər”.