2 saylı Baki İnzibati-İqtisadi Məhkəməsində “Svit Haus” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Türkiyənin “İlk İnşaat Taahhüt Sanayi və Ticaret Anonim” şirkətinin Azərbaycandakı filialına qarşı qaldırdığı iddia əsasında məhkəmə prosesi başlayıb.
2 saylı Baki İnzibati-İqtisadi Məhkəməsində “Svit Haus” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Türkiyənin “İlk İnşaat Taahhüt Sanayi və Ticaret Anonim” şirkətinin Azərbaycandakı filialına qarşı qaldırdığı iddia əsasında məhkəmə prosesi başlayıb.
QAYNARinfo.az-ın xəbərinə görə, hakim İntizar Bayramovanın sədrliyi ilə keçirilən iclasda “İlk İnşaat Taahhüt Sanayi və Ticaret Anonim” şirkətinin Azərbaycandakı filialının nümayəndəsinin məhkəməyə gəlmədiyi elan olunub.
Proses aprelin 4-də davam etdiriləcək.
“Svit Haus” MMC-nin nümayəndəsi Kamandar Nəsibov “Qaynar”a bildirib ki, hüquqlarını müdafiə etdiyi şirkət onlara verilən ərazidə iki binanı tam təhvil verib: “Üçüncü binanın isə tikintisinə yenicə başlanılmışdı. Həmin binada tikinti işlərinə start veriləndə 100-dən artıq Azərbaycan vətəndaşı mənzillər almışdı. Onlar şirkətlə müqavilə bağlamışdı. Həmin müqavilələr əsasında kimisi 100 faiz, kimisi isə az məbləğlər ödəyib. Ümumilikdə, vətəndaşlar mənzillər üçün şirkətə 3 milyon manatdan artıq pul ödəyib”.
Onun sözlərinə görə, tikinti işlərinin surətlə getdiyi müddətdə tikintini dayandırıblar: “”Svit Haus” şirkətinə deyilmişdi ki, yaxınlıqda yerləşən “Heydər Əliyev Mərkəzi” və sonradan tikintisi başlanılan “Konqres Holl”un ümumi konsepsiyasına uyğunlaşdırılması məqsədi ilə yeni layihə təklif ediləcək. Təxminən üç ildən sonra müvafiq dövlət orqanları tərəfindən tikintinin davam etdirilməsi göstərişi verilsə də, yenidən dayandırılması istənildi. “Svit Haus” şirkətinə bildirildi ki, həmin tikili sökülməlidir. Həmin ərazini mühafizə xidmətinin əməkdaşları mühafizə etdi və binanın tikintisinə qadağa qoyuldu. Orada heç bir hərəkət etməyə imkan vermədilər. Bu işə “Svit Haus” şirkətinin rəhbərliyi tərəfindən heç bir maneə olmadı. Çünkü dövlətə lazım olan yerdə problem yox idi. Binanın sökülməsi qərarı veriləndən sonra şirkət rəhbərliyi buna etiraz da etmədi”.
K.Nəsibov qeyd edib ki, sökülmə göstərişi veriləndən sonra həmin binanın tikintisi zamanı mənzil almaq istəyən 100-dən artıq vətəndaşın ödədyi pullar və tikintiyə xərclənən məbləğlərin kompensasiya ilə təmin edilməsi xahiş edilib: “Bizdə olan məlumata görə, həmin ərazinin tikintisi maliyyə naziri Samir Şərifova tapşırılmışdı. Hətta dövlət rəhbərliyi tərəfindən Samir
Şərifova deyilmişdi ki, həmin bina ilə bağlı vətəndaşların məsələsi yoluna qoyulsun. Onların kompensasiyasını ödəyəndən sonra binanın söküntüsünə başlanılması göstərişi verilib. Bu söhbətə dəfələrlə Nərimanov Rayon İcra Hakimiyyəti də şahid olub. Bununla bağlı biz Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət də etmişik. Onlardan bizə cavab da gəlib. Onlar cavablarında kompensasiyanın ödənilməsi ilə bağlı müraciət edilməli olduğunu söyləyiblər. İcra hakimiyyəti bilirdi ki, binanın tikintisi zamanı heç bir problem yox idi. Hazırda sökülən binanın sol tərəfində 6-7 mərtəbəli ofis binası da tikilib”.
Vəkil dəfələrlə maliyyə naziri Samir Şərifova müraciət etdiklərini söyləyib: “Müraciətimizdə qeyd etmişik ki, sizin rəhbərlik etdiyiniz proyektin üzərində, göstərişiniz əsasında bina sökülüb. Söküntünü həyata keçirən isə yoldan keçən bir şirkət deyil. Bu, Türkiyənin “İlk İnşaat Taahhüt Sanayi və Ticaret Anonim” şirkətinin Azərbaycandakı filialıdır. Onlar gəlib Azərbaycanda “at oynadır”. Həmin şirkət 100-dən çox Azərbaycan vətəndaşının taleyi ilə oynayıb, binanı qanunsuz söküb, sonra qaçıb gizlənib. Bununla bağlı 2 saylı Baki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdik. Hakim bildirib ki, şirkətin özü də işə cəlb ediləcək. Bizdə olan məlumata görə, şirkətin arxasında Samir Şərifov durur”.
K.Nəsibov bildirib ki, binanın sökülməsi göstərişini maliyyə naziri verib: “Həmin türk şirkətindən bizə bildirdilər ki, “bizlik bir şey yoxdur, gedin şikayətinizi maliyə nazirinə edin”. Samir Şərifova dəfələrlə edilən müraciətimizdən yalnız birinə cavab verildi. Həmin müraciətdə də qeyd edilib ki, guya bina qanunsuz tikilib, ona görə də kompensasiya verilməyəcək. Əgər bunun onlara aidiyyatı yoxdursa, niyə binanın qanunsuz tikildiyini yazırlar? Siz nə bilirsiz ki, həmin bina qanuni tikilib, ya yox?
Bunu haradan bilirsiz? Sən maliyyə nazirisən, sənə aidiyyatı yoxdursa, bəs bunu necə bilirsən? Belədirsə denən ki, “gedin aidiyyatı üzrə müraciət edin”. Maliyyə naziri nə vaxtdan bina sökür? Biz də bundan sonra Türkiyənin “İlk İnşaat Taahhüt Sanayi və Ticaret Anonim” şirkətinin Azərbaycandakı filialını məhkəməyə verdik. MMC imzalanmış mənzil tikintisinə və satışına dair müqavilələr üzrə vətəndaşlar tərəfindən əvvəlcədən ödənilmiş pul vəsaitləri və şirkətin maddi vəsaiti hesabına parkinq yeri və 4-cü mərtəbəyə qədər qaldırılmış binanın xəbərdarlıq edilmədən sökülməsi, eləcə də, söküntü işləri başlamamışdan əvvəl binada saxlanılmış tikinti materiallarının məhv edilməsi nəticəsində, ümumilikdə 6 milyon manata yaxın pul vəsaiti vurulmuş maddi ziyanın əvəzi olaraq Türkiyə şirkətindən tutulub “Svit Haus”a ödənilməsinə dair iddia irəli sürüb”. Qeyd edək ki, iddia ərizəsinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi, 5 saylı ünvanda, “Heydər Əliyev Mərkəzi”nin ön hissəsində yerləşən ərazidə inşası planlaşdırılan çoxmərtəbəli yaşayış binasında yeni mənzil almaq arzusunda olan yüzdən artıq vətəndaşla “Svit Haus” tikinti şirkəti arasında əvvəlcədən cəmiyyətin hesabına müxtəlif məbləğlərdə pul vəsaitləri ödənilərək müqavilələr imzalanıb. Həmin müqavilələr üzrə vətəndaşlar tərəfindən ödənilmiş pul vəsaitləri və şirkətin maddi imkanları hesabına 2012-ci ildə qeyd olunan ərazidə Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış tikinti-layihə sənədləri əsasında çoxmərtəbəli yaşayış binasının inşasına başlanılıb və qısa müddət ərzində binanın parkinq yeri və 4-cü mərtəbəyə qədər qaldırılıb. Tikinti işlərinin surətlə getdiyi müddətdə, nazirliklərdən birinin və Nərimanov Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri şirkətin həmin ərazidə yerləşən ofisinə gələrək, tikilməkdə olan yaşayış binasının gələcəkdə “Heydər Əliyev Mərkəzi”nin və “Konqres Holl”un ümumi konsepsiyasına uyğunlaşdırılması məqsədi ilə yeni layihənin təklif ediləcəyi ilə bağlı müvafiq dövlət orqanları tərəfindən yekun qərar qəbul edilənə qədər işlərin müvəqqəti dayandırılmasını tələb edib, ərazi müvafiq dövlət qurumu tərəfindən mühafizəyə götürülüb və işlərin davam etdirilməsinə icazə verilməyib.
Dövlət orqanları tərəfindən həmin problemin həlli ilə bağlı yekun qərarın qəbul edilməsi 3 il müddət çəkib. “Svit Haus” MMC-nin rəhbərliyinin etdiyi çoxsaylı rəsmi və qeyri-rəsmi müraciətlərə cavab verilməyib, məsələnin müzakirə edilməsindən daima yayınılıb. Lakin, parkinq yeri və 4-cü mərtəbəsinə kimi qaldırılmış tikili 2016-cı ilin avqust ayının 20-dən etibarən 2-3 gün ərzində sonradan müəyyənləşdirilmiş, həmin ərazidə park salma və abadlaşdırma işləri həvalə edilmiş “İlk İnşaat Taahhüt Sanayi ve Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən məhkəmə qərarı olmadan, qanunsuz olaraq tamamilə sökülüb, tikinti materialları məhv edilib, torpağın altına basdırılıb.
Vətəndaşlar tərəfindən ödənilmiş və şirkətin xərclədiyi pul vəsaitlərinin qaytarılması ilə bağlı göstəriş verilsə də, bununla bağlı heç bir narahatlığa əsas olmadığı bildirilsə də sonradan kompensasiya məbləğinin verilməsindən qəti şəkildə imtina edilib.