Azərbaycanda gələn il üçün minimum pensiya məbləğinin artırılmayacağı açıqlanıb. Bu qərar sosial təminat sistemində müxtəlif müzakirələrə səbəb olub. Xüsusilə, vətəndaşların fərdi pensiya kapitalına, yəni topladıqları sosial sığorta yığımlarına bunun təsirinin olub-olmayacağı maraq doğurur.
Bəs gələn il pensiya kapitalı artacaqmı və bu məbləğ nəyə əsasən hesablanacaq?
Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli News24.az-a açıqlamasında bildirib ki, hökumət hər il inflyasiya səviyyəsini nəzərə alaraq pensiya kapitalının indeksləşdirilməsini həyata keçirir və bu, əmək pensiyalarının artımını təmin edir:
“Pensiya kapitalı hər il əmək pensiyalarının indeksləşdirilməsi ilə paralel şəkildə artırılır. Yəni hökumət inflyasiyaya uyğun olaraq kapitala əlavə dəyər qazandırır. 2025-ci il üçün inflyasiya göstəricisi rəsmi şəkildə təsdiqləndikdən sonra Prezident tərəfindən pensiya kapitalının indeksləşdirilməsi ilə bağlı sərəncam imzalanacaq. Bu addım həm pensiya məbləğlərinin artmasına, həm də yığılan kapitalın dəyərinin qorunmasına xidmət edir”.
İqtisadçı əlavə edib ki, hazırda Azərbaycanda illik inflyasiya göstəricisi 5,9 faiz səviyyəsindədir:
“Əgər bu rəqəm ilin sonuna qədər dəyişməz qalarsa, gələn il pensiya kapitalı da eyni faiz nisbətində, təxminən 5,9 faiz artırılacaq. Bu o deməkdir ki, vətəndaşların fərdi hesablarında toplanan kapitalın dəyəri qorunacaq və real gəlir itkisi baş verməyəcək. İnflyasiya səviyyəsinə uyğun aparılan bu artım pensiya sistemində hər il tətbiq olunur”.










