Vətəndaşların banklardakı dolları “batacaq”?backend

Vətəndaşların banklardakı dolları “batacaq”?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bugünlərdə “Bank of Baku”nun dollarla qəbul etdiyi əmanətləri Əmanətlərin Sığortalanması Fondunun sığortalamadığı ilə bağlı məlumat yayılıb.

“Bank of Baku”dan isə bildirilib ki, qoyulan əmanətlərə seçim edilmir. Qeyd edək ki, vətəndaşların bir qismi əmanətlərini məhz xarici valyutada qoymağa üstünlük verirlər. Ölkəmizdəki banklar isə xarici valyutada əmanətə faiz təqdim ediləcəyini bildirirlər.

Doğrudanmı banklar vətəndaşların xarici valyutada olan əmanətlərini sığortalamaya bilərlər? 

İqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirib ki, “Əmanətlərin Sığortalanması haqqında” Qanun var və bu qanuna əsasən sığortalanma faizini Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası müəyyən edib:

“Bu məsələlərdə sığortaçı Fonddur, bank deyil. Onun da tələbi odur ki, milli valyutada 12 faizi, xarici valyutada isə 2,5 faizi ötmürsə sığortalansın. Təbii ki, bu, banklardan asılı deyil. Banklar daha yüksək faizi ona görə təklif edir ki, vətəndaşlar gəlib əmanəti məhz bu banka qoysunlar. Ancaq vətəndaş da bilməlidir ki, faiz dərəcəsi o həddi keçirsə, əmanəti sığortalanmır. Yəni sığortalanmasını istəyirsə, yüksək faizlə əmanət qoymamalıdır. Bank deyə bilməz ki, həmin faizdən yüksək rəqəmlə sığortalayıram. Vətəndaş qanunu bilməlidir ki, əgər 2,5 faizdən yuxarı faizlə qoyursa, əmanəti sığortalı deyil. Banklar bağladığı müqavilədə də göstərirlər ki, hansı faizə qədər əmanət sığortalıdır, hansı faizə qədər sığortalı deyil. Yəni sabah vətəndaş deyə bilməyəcək ki, bankın əməkdaşı ona yanlış məlumat verib. O zaman bank müqaviləni əsas gətirəcək”.

Ekspert deyir ki, xaricdə, xüsusilə də inkişaf etmiş ölkələrdə xarici valyutada əmanətlər sığortalanmır:

“Bunu əsas gətirirlər ki, bizim dövlət niyə xarici valyutada olan əmanəti sığortalamalıdır? Çox nadir ölkələr var ki, xarici valyutada əmanətlər sığorlanır. Bizdə banklar həmin vəsaiti 2,5 faizlə sığortalayır və bu da onunla bağlıdır ki, vətəndaşların bir qisminin əmanəti xarici valyutada qoymaq istədiyini bilirlər, buna görə də şərait yaradırlar. Hesab edirəm ki, 2,5 faiz yaxşıdır və hətta bizim böyük banklarda xarici valyutada əmanəti 1 faizlə qəbul edirlər, heç 2,5 faizlə də qəbul etmirlər”.