ABŞ məhkəmə sistemində süni intellekt modelləri – xüsusilə ChatGPT – “virtual vəkil” rolunda çıxış etməyə başlayıb.
Tribunainfo.az xəbər verir ki, 2023-cü ildən etibarən getdikcə daha çox amerikalı vətəndaş ənənəvi hüquq müdafiəçiləri əvəzinə neyroşəbəkələrin yardımı ilə özünü müdafiə edir.
ChatGPT-nin qazandığı ilk məhkəmə işi
Linn Uayt adlı ABŞ vətəndaşı mobil evinin dayanacağı üçün ödənişi gecikdirdiyinə görə məhkəməyə verilmiş və çıxarılma qərarı almışdı. Onu müdafiə edən vəkil işi uduzdu. Lakin qadın sonradan ChatGPT-yə müraciət edərək məhkəmə sənədlərini analiz etdirdi, hakimin prosessual səhvlərini aşkar etdi və süni intellektin hazırladığı müdafiə arqumentləri ilə apellyasiyaya müraciət etdi. Nəticədə məhkəmə qərarı ləğv olundu, qadının 55 min dollarlıq cəriməsi və 18 min dollarlıq borcu silindi.
“Robot vəkil”lərin riskli tərəfi
Lakin mütəxəssislər xəbərdarlıq edir ki, süni intellekt vasitəsilə tərtib olunan hüquqi sənədlər bəzən saxta presedentlər və uydurma sitatlar təqdim edir.
Məsələn, “Bang Energy” şirkətinin təsisçisi Cek Ovok ChatGPT-nin köməyi ilə hazırladığı vəsatətdə 11 saxta məhkəmə işinə istinad etmişdi. Bu fakt aşkarlanandan sonra o, 10 saat ictimai işlərə məhkum edildi.
Hüququn gələcəyi: “AI vəkilləri”
Ekspertlər hesab edir ki, yaxın illərdə ABŞ-da hüquqi xidmətlərin mühüm hissəsi AI əsasında avtomatlaşdırılacaq. Artıq bəzi startaplar süni intellektin müqavilə hazırlama, şikayət formalaşdırma və məhkəmə təhlili xidmətlərini pulsuz təqdim edir.
Süni intellektin bu sahədə yüksəlişi bir sualı aktuallaşdırır: “Ədaləti kim təmin edəcək – insanmı, yoxsa kod?”
Musavat.com