Vətəndaşlar pullarını “Azər Türk Bank”dan çıxarır – Əmanətlərin həcmi azalıb

Vətəndaşlar pullarını “Azər Türk Bank”dan çıxarır – Əmanətlərin həcmi azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azər Türk Bank”da (ATB) əhalinin əmanətləri azalıb. Belə ki, 2024-cü ilin əvvəlinə 214 milyon 432 min manat olan əmanətlər 213 milyon 127 min manata düşüb.

Teleqraf.com bankın 2024-cü il üzrə maliyyə hesabatına istinadən xəbər verir ki, hesabat dövründə kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 283 milyon 394 min manata çatıb. İlin əvvəlində bu rəqəm 201 milyon manatdan bir qədər çox idi.

“Azər Türk Bank”ın Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəlikləri isə 194 milyon 541 min manata çatıb. 2024-cü ilin yanvarın 1-nə bu rəqəm 173 milyon 391 min manat təşkil edib.

Baxmayaraq ki, 2024-cü ildə fiziki şəxslər bankdakı əmanətlərini geri çəkib, maliyyə qurumunun faiz xərcləri kəskin artıb. 2023-cü ilin sonuna 19 milyon 945 min manatdan 47 milyon 746 min manata çatıb. Burada əmanətlər üzrə faiz ödənişləri xüsusi rol oynayıb. Bank bir ildə əmanətlər üzrə 42 milyon 345 min manat faiz ödənişi edib. Faiz xərclərinin geridə qalan hissəsi isə bankın borcları üzrə ödədiyi faizlər olub. Bu istiqamətdə faiz xərcləri 2023-cü ildə 3 milyon 694 min manatdan 4 milyon 315 min manata çatıb. “Azər Türk Bank” qeyri-faiz xərclərini artıraraq 49,3 milyon manatdan 66.6 milyon manata yüksəldib.

9 milyon 811 min manat ümidsiz kredit

İri kredit borclarının məbləği və məcmu kapitala nisbəti 40,40% olub. Bankın 799 milyon 893 min manat kredit portfelinin 6 milyon manatdan çoxunu qeyri-qənaətbəxş kreditlər təşkil edir. 9 milyon 811 min manat kredit isə ümumiyyətlə ümidsizdir. 865 min manat kredit təhlükəli hesab olunur. Beləliklə qeyri-standart kreditlərin kredit portfelindəki çəkisi 2,09% -dir.

Xatırladaq ki, 2023-cü ilin sonunda qeyri-qənaətbəxş kreditlərin həcmi 4 milyon 417 min manat, 806 min manatı təhlükəli, 9 milyon 189 min manatı ümidsiz olub. Göründüyü kimi, bankda qeyri-standart kreditlərin həcmi artıb.

5 milyon 190 min manat kreditin vaxtı keçib

Yeri gəlmişkən, onu da vurğulayaq ki, 2024-cü ildə maliyyə qurumu müştərilərə verilən kreditlər üzrə faiz gəlirlərini illik əsasda 28, 593 milyon manat artıraraq 2024-cü ilin sonuna 71 milyon 314 min manata çatdırıb. Bu da bankın yüksək kredit faizi siyasətindən xəbər verir. Nəticədə, bankda vaxtı keçmiş kredit portfelinin həcmi 5 milyon 190 min manat olub.

Bu arada “Azər Türk Bank” ötən il kreditləşməni əsasən Bakıda aparıb. Yəni kreditlər regionlar üzrə ədalətli bölüşdürülməyib. 799 milyon 893 min manat kreditin 616 milyon 371 min manatı paytaxtın payına düşüb. Son rəqəmlərə görə, bu kreditlərin də 3 milyon 467 min manatının vaxtı keçib.

Məsələnin başqa tərəfi müştərilərə verilən 799 milyon 893 min manat kreditin 295 milyon 434 min manatının istehlak, 311 milyon 817 min manatının biznes kreditləri olmasıdır. Nəzərə alsaq ki, bank təkcə Bakıda 616 milyon 371 min manat kredit verib, belə çıxır “Azər Türk Bank”ın real sektoru maliyyələşdirməsi paytaxt hüdudlarından kənara çıxmayıb. Çıxsa da bu, qismən olub.

Müştərilərə verilən kreditlərin valyutalar üzrə bölgüsü də diqqət çəkir. Hesabat dövründə 581 milyon 512 min manat kredit milli valyutada, 218. milyon 297 min manat kredit dollarda ayrılıb. Halbuki, 2024-cü ilin əvvəlinə bankın dollar kreditlərinin həcmi 8 milyon 331 min manat olub.

Əmanətlərin dollarlaşması artıb

İlk baxışdan illik müqayisədə artımla bağlı təəssürat yaradan bankın depozit portfelinə gəlincə, 1 milyard 459 milyon 966 min manat əmanətin 1.06 milyard manatı tələblidir. Yəni müştərilər vəsaitlərini qeyri-müəyyən müddətə banka yerləşdiriblər. İstədikləri anda həmin vəsaiti bankdan çıxara bilərlər.

“Azər Türk Bank”da müştərilərə verilən kreditlər kimi, əmanətlərin dollarlaşması da yüksək səviyyədədir. 1 milyard 459 milyon 966 min manat əmanətin 732 milyon 156 min manatı milli valyutada, 638 milyon 346 min manatı isə dollarda qəbul edilib. 2024-cü ilin əvvəlinə dollarla əmanətlərin həcmi 108 milyon 346 min manat olub.