Turan İbrahimlinin aparıcısı olduğu “ATV Səhər” verilişinin bağlanması ilə əlaqədar daha bir iddia ortaya çıxıb.
Turan İbrahimlinin aparıcısı olduğu “ATV Səhər” verilişinin bağlanması ilə əlaqədar daha bir iddia ortaya çıxıb.
TİA.AZ xəbər verir ki, iddiaya görə, verilişin bağlanması heç də “mövsümün başa çatması ilə” bağlı deyil.
Musavat.com özəl mənbəyə istinadla bu verilişdə yayımlanan reportajların və şəxsən Turan İbrahimlinin ziddiyyətli şərhlərinin müəyyən dairələrdə ciddi narazılıq doğurduğunu yazıb. Saytın yaydığı xəbərə görə, T.İbrahimlinin müxtəlif rəsmi qurumlar haqda səsləndirdiyi qeyri-peşəkar ifadələr etirazlar doğurub:
“Turan İbrahimli bütün sədləri aşaraq, azərbaycançılıq ideologiyasını müdafiə etdiyinə görə, millət vəkili, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadəni faktiki təhqir etmişdi. Üstəlik, o, mütəmadi olaraq dövlət idarəçilik sistemi barədə cəmiyyətdə mənfi rəy formalaşdırırdı”, – mənbə deyib.
Mənbə onu da vurğulayıb ki, Turan İbrahimlinin “ATV Səhər”də Milli Şuranın aprelin 8-də keçirdiyi etiraz aksiyasına dəstək ifadə edən fikirlər səsləndirməsi də diqqətdən yayınmayıb.
“Verilişi bağlandıqdan sonra Turan İbrahimlinin özü də telekanaldan uzaqlaşdırılıb”, – deyə mənbə bildirib.
Xatırladaq ki, kanalın İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri və “ATV Səhər” verilişinin aparıcısı Turan İbrahimli proqramın bağlanılmasına səbəb kimi mövsümün bitməsinə bir ay qalmasını əsas göstərmişdi. Mediaya açıqlamasında T.İbrahimli ATV-də fəaliyyətini davam etdirdiyini və şayiələrin yarana biləcəyini də vurğulamışdı:
“Bilirəm ki, bu qərar müxtəlif söz-söhbətlərə, şayiələrə səbəb olacaq. Təbii ki, insanların fantaziyalarına sədd qoya bilmərəm. Hər kəs istədiyini düşünməkdə azaddır. Amma təklif edirəm ki, yalnız bu açıqlamamı nəzərə alsınlar və özlərini yormasınlar…”
Göründüyü kimi, T.İbrahimlinin xəbərdarlığına baxmayaraq, yeni versiyalar üzə çıxır…