Vergi borcu olan şirkət bir ildə TƏBİB və Səhiyyə Nazirliyindən 1.6 milyonluq tender udub – ARAŞDIRMA

Vergi borcu olan şirkət bir ildə TƏBİB və Səhiyyə Nazirliyindən 1.6 milyonluq tender udub – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəki rayon Mərkəzi Xəstəxanası keçirdiyi tenderə yekun vurub.

Tribunainfo.az xəbər verir ki, səhiyyə qurumu dünən müsabiqənin nəticələrini açıqlayıb.
Məlumatda bildirilir ki, xəstəxana 120 min 431 manatlıq dəftərxana, təsərrüfat və mətbəə malları satın alacaq. Bununla bağlı “ART POİNT REKLAM” MMC ilə satınalma müqaviləsi imzalanıb.
Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırmalar zamanı məlum olub ki, “ART POİNT REKLAM” MMC təkcə bu il 14 tenderin qalibi olub. Maraqlıdır ki, həmin tederlərin 11-i birbaşa TƏBİB və Səhiyyə Nazirliyinə aid olub.
Belə ki, sözügedən şirkət ilin əvvəlindən indiyə qədər “Sumqayıt Tibb Mərkəzi”nə 131 min 977 manatlıq, Gəncə Şəhər Birləşmiş Mərkəzi Xəstəxanasına 315 min 290 manatlıq, Səhiyyə Müəssisələrinin Təminat Mərkəzinə 24 min 497 manatlıq, Respublika Dəri-Zöhrəvi Mərkəzinə 10 min 235 manatlıq, Goranboy Mərkəzi Xəstəxanasına 53 min 378 manatlıq, Bakı Şəhər Dezinfeksiya Mərkəzinə 101 min 272 manatlıq, Respublika Pediatriya Mərkəzinə 84 min 440 manatlıq, Respublika TTYM-ə 744 min 213 manatlıq və ən nəhayət, Səhiyyə Nazirliyinə 26 min 600 manatlıq dəftərxana və nəşriyyat malları satıb. Bu isə təkcə, 2025-ci il üçün səhiyyə müəssisələrinə “ART POİNT REKLAM” MMC-nin 1 milyon 612 min 333 manatlıq mal və məhsul satması deməkdir.
Bəs, sözügedən şirkət kimə məxsusdur? Tribunainfo.az-ın açıq mənbələr üzərindən dəqiqləşdirməsinə görə, nizamnamə kapitalı 10 manat olan “Art Point Reklam” MMC -nin hüquqi ünvanı Yasamal rayonu, Alatava 1, ev 103-də yerləşir. Şirkətin qanuni təmsilçisi isə İbrahimov Tural Möhsün oğludur. Onun haqqında internet resurslarında hər hansı məlumat əldə etmək mümkün olmayıb.
Bundan başqa, bu tenderlərin qalibi olan “Art Point Reklam” MMC -nin 25.07.2025-ci il tarixinə qədər dövlət büdcəsinə 19 min 905 manat 78 qəpik vergi borcu da var. Qanunvericilik isə qeyd edir ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 23.3.5.1.-ci maddəsinin tələblərinə görə mümkün deyil.
Belə olan halda tenderdə iştirakı məhdudlaşıdırımış şirkətin Səhiyyə Nazirliyi və TƏBİB-in tenderlərinə necə qatılıb? Digər maraqlı məsələ odur ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti buna niyə diqqət etməyib?
Tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Fərda Uğur