Vergi artımında yeni sistem kimə sərf edəcək? – Eldəniz Əmirov

Vergi artımında yeni sistem kimə sərf edəcək? – Eldəniz Əmirov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2026-cı ildən Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, qeyri-dövlət və özəl sektorda çalışanların gəlir vergisi dərəcələri mərhələli şəkildə artırılacaq. Yeni sistemə görə, 2500 manatadək aylıq gəlirdən 2026-cı ildə 3%, 2027-ci ildə 5%, 2028-ci ildən isə 7% vergi tutulması nəzərdə tutulur.

3 faizdən başlayıb 7 faizə qədər artan vergi dərəcələri və gəlir diapazonları mövcud iqtisadi reallıqlara uyğundurmu?

Bu dəyişiklik özəl sektorda maaş siyasətinə necə təsir göstərə bilər?
– Şirkətlər əmək haqqı fondlarını azaldacaq, yoxsa xərcləri işçilərin üzərinə ötürəcək?

Vergi yükünün artması kimlərə sərf edəcək?

Mövzu ilə bağlı Tribunainfo.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirib ki, vergi məcəlləsində 2019-cu ildə edilmiş dəyişikliklər 7 il sonra, yəni 2026-cı il yanvarın 1-də bitir. Bundan sonra, artıq qeyri-neft sektoru və qeyri-dövlət sektorunda çalışan insanların gəlirləri vergiyə cəlb ediləcək.

E. Əmirovun sözlərinə görə, sadəcə, indiki vəziyyətdə digər sektorlarda olduğu kimi 14 faiz həcmində deyil, differensial şəkildə bunun təsdiq edilməsi mən hesab edirəm ki, çox doğru və önəmli bir yanaşmadır.

Önəmli olmasının detallarını sadalayan iqtisadçı qeyd edib:

“İşəgötürənlər üçün əlavə yükün yığılmasına imkan verilməyəcəkdir. Çünki, 2500 manata qədər olan hissə 3 faizlə və artıqca faizlər də dəyişəcəkdir”.

“Bu gün Azərbaycanda orta-aylıq əməkhaqqının 1000 manatdan bir qədər yuxarı olduğunu nəzərə alsaq, deməli, böyük bir hissə, 2500 manatdan aşağı əməkhaqqı alır. Bu isə onu deməyə əsas verir ki, məhs güzəşt müddəti bitsə də, yeni dəyişikliklə bunun 3 faiz həddində müəyyən edilməsi çox böyük bir hissənin bu güzəştdən yenə də, heç olmasa 11 faizi həcmində istifadə etməyə imkan verir. Çünki 14 faiz qarşılığında cəmi 3 faiz ödəmiş olacaqdır”.

Dəniz Pənahova