Əvvəlcə Polşalı qonaqlar «Fəxri Xiyaban»na gələrək Azərbaycan xalqının Ümummmilli lideri Heydər Əliyevin xatirəsi yad edib, məzarı qarşısına gül dəstələri qoyublar.
Paytaxtın Səbail rayonunun beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində növbəti addım atılmışdır. Bakıya səfərə gəlmiş Polşa Respublikası Varşava şəhəri Praqa Poludni (Cənubi Praqa) rayonunun Burmistri Tomaş Kuxarskinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakının Səbail rayonu ilə dostluq və əməkdaşlıq əlaqələrinin yaradılması məqsədi ilə Bakıya gəlmişdir.
Əvvəlcə Polşalı qonaqlar «Fəxri Xiyaban»na gələrək Azərbaycan xalqının Ümummmilli lideri Heydər Əliyevin xatirəsi yad edib, məzarı qarşısına gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gedən nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, məzarları üstünə güllər qoyub, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.
Qonaqlar Dağüstü parkdan şəhərimizin mənzərəsi ilə tanış olmuşlar.
Daha sonra Varşava şəhərinin Praqa Poludni (Cənubi Praqa) rayonunun Burmistri Tomaş Kuxarskinin rəhbərlik etdiyi nümayəndə heyəti Səbail Rayon İcra Hakimiyyətində qəbul edilmişdir.
Səbail rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov qonaqları salamlayaraq, ölkəmizin son illərdə bütün sahələrdə qazanılmış sürətli inkişaf və uğurlar barədə danışmış, Səbail rayonu, onun tarixi, rayonun bu günki inkişafı barədə məlumat vermişdir. Eldar Əzizov xalqımızın ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyevin həyata keçirdikləri müdrik siyasət nəticəsində Azərbaycanın böyük inkişaf yolu keçdiyini, xüsusilə son illər ərzində ölkəmizdə bir sıra irimiqyaslı beynəlxalq tədbirlərin təşkil olunduğunu qeyd etmişdir.
Bildirmişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin birbaşa nəzarəti altında Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri nəticəsində paytaxtımızın gündən-günə gözəlləşməsi, ölkəmizin müxtəlif beynəlxalq tədbirlərin keçirilməsinə ev sahibliyi etməsi, ilk Avropa Oyunlarının, «Formula-1» kimi yarışın mərhələsinin Bakıda keçirilməsi, o cümlədən 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının da keçirilmə yerinin məhz Bakı olması Azərbaycanın beynəlxalq aləmdə olan nüfuzunun artmasını göstərir.
Ölkəmizin son illər bütün sahələrdə sürətli inkişafından və uğurlarından danışan Eldar Əzizov Polşa Respublikasının paytaxtının mərkəzi rayonu Praqa Poludni ilə Bakı şəhərinin mərkəzi rayonu olan Səbaıl arasında işgüzar münasibətlərin qurulmasının tərəflər arasında əlaqələrin daha da intensivləşməsinə, xüsusilə də təhsil, mədəniyyət və turizm sahələrində qarşılıqlı təcrübə mübadiləsinə, eləcə də xalqlarımız arasında təmasların genişlənəcəyinə təkan olacağını vurğulamışdır.
Polşa nümayəndə heyətinin rəhbəri – Varşavanın Praqa Poludni rayonunun Burmistri Tomaş Kuxarski Bakı şəhərinin gözəlliyinə valeh olduqlarını bildirmiş, şəhərdə və onun mərkəzi rayonu olan Səbail rayonunda görülən işləri yüksək qiymətləndirmiş, qeyd etmişdir ki, Azərbaycan və Polşa xalqları arasında yaxın və səmimi münasibətlər lap qədimdən mövcuddur. Varşavanın Praqa Poludni rayonu ilə Bakı şəhərininin Səbail rayonu arasında yaranan dostluq telləri hər iki dövlət arasında əlaqələrin daha da möhkəmləndirilməsi, Azərbaycanın Polşada daha yaxından tanınması və təbliği işində böyük rol oynayacaqdır.
Görüşdə hər iki rayon arasında mədəniyyət və təhsil sahələrində əməkdaşlıq, xüsusilə məktəblilər və tələbələr arasında əlaqələrin daha da inkişaf etdirilməsi məsələlərinə toxunuldu və qonaqlara hədiyyələr təqdim olundu.
Səfər günlərində qonaqlar paytaxtımızın görməli yerləri, park və xiyabanları, muzey və mədəniyyət ocaqları, yeni tikilmiş idman obyektləri, o cümlədən vaxtı ilə mərkəzdə polyak memarlar, ilk növbədə Yuzef Qoslavski tərəfindən inşa olunmuş binalarla yaxından tanış olacaq, 132-134 saylı Təhsil Kompleksində, Azərbaycan Dövlət İqtisad Universitetində görüş keçirəcək, Bibiheybət buxtasında tanınmış polşalı mühəndis, Azərbaycanda neft sənayesinin inkişafında böyük xidməti olan Pavel Pototskinin məzarını ziyarət edəcəklər.