Qondarma rejimin Bakıda həbsdə olan “dövlət naziri” Ruben Vardanyanın oğlu David müsahibə verib. Tribunainfo.az erməni mediasına istinadla bildirir ki, D.Vardanyan atası ilə əlaqə saxlandığını qeyd edib. “Bəli, dünən və ötən çərşənbə axşamı anama zəng etdi, zəng zamanı mən olmadım. Anladığım qədər, zəng çox qısa oldu. O, vəziyyətinin yaxşı olduğunu bildirib. Digər təfərrüatlar müzakirə olunmayıb. O, cansıxıcı olduğunu söylədi. Biz də bunun üstündəyik. Ermənistan dövləti də təkcə atanın deyil, Azərbaycanın götürdüyü bütün məhbusların azad edilməsi üçün beynəlxalq məhkəmələrdə iddia qaldırıb. Onların potensial azadlığa buraxılması ilə bağlı oktyabrın 12-də Haaqada məhkəmə prosesi olacaq. Biz bu prosesin uğurla başa çatacağına çox ümid edirik. Təbii ki, biz də atamı azad etmək üçün addımlar atırıq, lakin bu haqda danışmaq hələ tezdir”.
David deyib ki, qeyri-hökumət təşkilatlarından, eləcə də tanışlarımızdan bizə ötürülən təmaslar sayəsində atanın maraqlarını təmsil etmək üçün işə götürdüyümüz yerli hüquqşünasla əlaqə saxlaya bildik: “Bu hüquqşünas hazırda Azərbaycanda bizim maraqlarımızı təmsil edir. Mən bir çoxları kimi, insani dəyərlərin və qanunların hələ də qorunacağına və Beynəlxalq Ədalət Məhkəməsinin hələ də təsir gücünə malik olduğuna inanıram. Əvvəlki məsələlərdə Beynəlxalq Ədalət Məhkəməsinin icrası ilə bağlı problemlərin olduğunu bilirəm, lakin mən bu qurumlara həqiqətən inanıram və ümid edirəm ki, bu proses atamın azad edilməsinə kömək edəcək”.