Vardanyan Paşinyanı da ittiham edib – “Əgər sən zəifsənsə…”

Vardanyan Paşinyanı da ittiham edib – “Əgər sən zəifsənsə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Qarabağdakı emissarı, Rusiyada qazandığı “çirkli pullar”la milyarder olan Ruben Vardanyanın Xankəndindəki qondarma rejimə rəhbərlik uğrunda “mübarizəsi” kəskin hal alıb. 

O, bu prosesdə Qarabağın ermənilər yaşayan ərazilərində guya mövcud olan “humanitar böhran”dan və separatçıların rəhbərliyinin nüfuzunun getdikcə daha da azalmasından istifadə etməyə çalışır.

Xəbər verdiyimiz kimi, Vardanyan Ermənistan mətbuatına növbəti açıqalmasında Xankəndindəki separatçı rejimin başında duranlardan istefaya getməyi tələb edib.

Xatırladaq ki, Vardanyanın iddiasına görə, Araik Arutunyan Qarabağım məlum hissəsində qalan erməniləri ruhlandırmaq, “mübarizəyə” səsləmək əvəzinə onları ruhdan salır. Vardanyan hətta bildirib ki, Arutunyan ermənilərin Qarabağ ərazisini tərk etməli olduqlarını deyir və bunun üçün zəmin yaradır: “İnsanları hər gün qorxutmaq, demək ki, biz heç nə edə bilmirik, biz getməliyik (Qarabağdan-red.), eləcə də tez-tez əhval-ruhiyyənin dəyişdirilməsi vəziyyəti ağırlaşdırır. Belə vəziyyətdə təkbaşına bütün qərarları vermək mümkün deyil. Birinci şəxs insanlara ümid, inam və etibar aşılamalıdır, o, hər dəfə deməli deyil ki, mən bilmirəm nə edəcəm, özünüz qərar verin və indi biz çox ağır böhran içərisindəyik…”

“AzPolitika.info” xəbər verir ki, Vardanyan Ermənistanın Baş naziri Nikol Paşinyanı da ittiham edib. O, deyib ki, Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması “böyük taktiki və strateji səhvdir” və bu səhv düzəldilməlidir.

Onun fikrincə, Paşinyan Azərbaycanla danışıqlarda özünü məğlub tərəf kimi aparır və “məğlubiyyət təfəkkürü” ilə çıxış edir: “Əgər sən zəifsənsə, səninlə imzalanan sənəd heç bir dəyər daşımır”.

Göründüyü kimi, Vardanyan Moskvanın narrativlərini can-başla həyata keçirməkdə və Xankəndindəki separatçı rejimin rəhbərliyinə can atmaqda davam edir. Ancaq o da məlumdur ki, Azərbaycanın mövqeyi qətidir və rəsmi Bakı heç zaman Vardanyan və onun kimiləri tərəf müqabili qismində qəbul etməyəcək, onlarla danışıq aparmayacaq. Vardanyanın qondarma rejimin “dözlət naziri” “vəzifəsindən” atılması da bunun nəticəsi idi…