İyul ayında Laçın sərhəd-keçid məntəqəsində saxlanılan 68 yaşlı Vaqif Xaçaturyan ailəsinə yenə məktub göndərib.
Yeniavaz.com“News.am”a istinadla xəbər verir ki, bu barədə məlumatı Xaçaturyanın qızı Tsovinar Xaçaturyan verib.
Onun sözlərinə görə, atası məktubunda yazıb: “Hər zaman sizi düşünürəm, sağlam olun və hamıya salam deyin”.
Xaçaturyanın qızı, həmçinin qeyd edib ki, atasının hazırda dərman qəbul etdiyini bilirlər – səhər və axşam: “Səhhətinin normal olduğunu deyirlər. Qırmızı Xaçın nümayəndələri ayda bir dəfə atama baş çəkirlər”, – T. Xaçaturyan bildirib.
Xatırladaq ki, Vaqif Xaçaturyan bir qrup erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib. O, keçirilmiş axtarış tədbirləri nəticəsində cari il iyulun 29-u BQXK-nın vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.