Sabahdan etibarən uşaq bağçalarına elektron qəbul başlayır.
Tribunainfo.az xəbər verir ki, valideynlər ilk növbədə www.bq.edu.az sistemində qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək növbə tutmaq hesab olunmur.
Növbə üçün bəlli bir gündə yarışma, yəni elektron qaydada növbə tutma prosesi başlayır.
Qeydiyyatdan keçən valideynlər sabah, yəni 1 avqust tarixində saat 11:00-da regional təhsil idarələri üzrə, 8 avqust saat 11:00-da isə Bakı şəhəri üzrə bağşa seçimi edib növbə tuta biləcəklər.
Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib ki, prinsip belədir ki, kim sistemə daha tez daxil olub, axtardığı bağçanı və müvafiq yaş qrupunu seçə bilirsə, onun növbəsi daha yuxarıda olur:
“Növbə sıralaması ilə bağlı iddiaçılara şəxsi kabinetlərində məlumat verilir. Lakin bu da hələ bağçada yer seçimi demək deyil.
Növbəti mərhələdə bağçada boş yer olduğu halda həmin sıra nömrələrin sorğuya çevrilməsi prosesi başlayır.
Məhz növbə sorğuya çevrildikdən sonra valideyn bağçada yer qazanmış olur və 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir.
Bu növbə sırası il ərzində qüvvədə olur, valideynlər sıranı görürlər və yerlər boşaldıqca növbəti yerin sahibi seçim edir”.