14 fevral Valentin günü qədim Romanın iyrənc 14-15 fevral “Lupercalia” bayramının xristianlaşdırılmış formasıdır 14 fevral Valentin günü qədim Romanın iyrənc 14-15 fevral “Lupercalia” bayramının xristianlaşdırılmış formasıdır
Aqil ƏLƏSGƏR
Bəxtiyar Vahabzadənin “Gülüstan”da dediyi kimi, “bir deyən olmadı durun ağalar”, haradan çıxdı bu “Valentin”, kim bunu bizə nə zaman sırıdı kimsənin xəbəri olmadı?! Bir də gördük ki, məmləkətin növcavanları soyuq qış günündə dənizkənarında öz leylilərini gəzdirmək zorunda qalıblar və bu günün səhərisi də həmin leylilərlə məcnunların əksəri soyuqdan sətəlcə(hənnə)m olublar. Yahu, sizi kim məcbur etdi, kiçik çillədə bulvarda gəzəsiniz? Başınıza atmı təpmişdi, yoxsa günmü qəhətiydi, bəylər? Deməssiniz, həmin gün 14 fevral Beynəlxalq Sevgililər günü imiş (Adıbatmışın ismi yaman gurultulu səslənir). Soruşanda ki, kim bu günə belə don geyindirib?Kimsənin xəbəri yox! Yaxşı, bu Valentin dediyiniz vələdüzzina kimdir? Vallahi xəbərləri yox! Bəs nə üçün həmin şəxsin şərəfinə küçəyə tökülürsünüz? Əlqərəz, cavab belə olur ki, adətdir, gərək həmin gün eşqinin qurbanı olan Valentinin şərəfinə sevgililər küçələrdən yığışmasın. Kim qoydu bu qanunu? Bəlkə hörmətli deputatxanamızın üzvləri belə qanun qəbul ediblər, xəbərimiz yox?
…Bəndənizin də marağı güc gəlməsəydi, Valentin deyilən bu mənasız adamın kimliyindən xəbərsiz olacaqdı. Neyləyim, nəyisə beynimə qoydummu, Tanrımın köməyi ilə mütləq həmin işi görməliyəm. Mətləbdən uzaqlaşmayaq, başladım, Valentinlə bağlı tarixi mənbələri arayaraq “donos” yığmağa. Və məlum oldu ki, bu romalı keşiş nə məhəbbət abidəsidir, nə də eşq dəlisi! Beləsinə olsa-olsa, çox-çox üzr istəyirəm ifadəmə görə, sutenyor və ya homoseksualist deyilə bilər və bu adam əxlaqsızın, zinakarın biri imiş. Və kim bu keşişin yolunu müdafiə edirsə, Züleyxanın həzrəti Yusif Peyğəmbəri çağırdığı və peyğəmbərin İlahinin qanunlarını riayət edərək getməkdən imtina etdiyindən də betər əxlaqsız yola dəvət edir.
***
Tarixdə şəxsiyyətləri öyrənərkən onun yaşadığı mühiti və o zamankı ab-havanı da nəzərə almaq gərəkdir. Belə olmadıqda, şəxsiyyətin hərəkətlərinə düzgün qiymət vermək və ümumiyyətlə doğru qərar çıxarmaq mümkün deyil. Katolik xristianların “Əziz Valentin” deyərək öydükləri bu keşiş çox müəmmalı bir kimliyə sahibdir. Fevral ayının sevgi-məhəbbət ayı olması isə onun dövründən xeyli öncələrə, təxminən 1500 il əvvələ gedib çıxır. Bunun əsası xristianlığa deyil, əski Roma adət-ənənələrinə dayanır. Qədim Romada 14 fevral bütün Roma xalqı üçün isə xüsusi önəm daşıyırdı. Həmin gün inancları gərəyincə, Roma “tanrı” və “tanrıçaları”nın kraliçası olan Junoya duyulan sayğıdan dolayı bayram elan olunurdu. Səhərisi gün isə Lupercalia bayramı başlayırdı. Bu bayram xalqın gənc kəsimi üçün böyük önəm daşıyırdı. Bunun səbəbi isə həyatları qəti qanun-qaydalarla müəyyənləşdirilmiş və bunun da təbii nəticəsi olaraq gəzib-əylənmə şansı çox məhdud olan gənclərin bu bayramda bir-birləri ilə ifratcasına əylənmələri idi (Bunun nəyi pisdir deyə tələsik qərar çıxarmayın. Unutmayın ki, Allah səbredənlərlədir!) Bu bayramda hansı gəncin hansı qızı seçməsi də öz istəklərinə bağlı deyildi. Bu seçim bir baxımdan lotereya oyununu xatırladırdı. Romalı gənc qızlar adlarını kiçik kağız parçalarına yazaraq, bir mağaranın önündəki çəlləyə tullayır. Həmin kağızlardan birini seçən romalı gənc də seçdiyi kağızda adı keçən qızla həmin gecə bir yataqda olaraq istənilən cinsi arzusunu həyata keçirməkdə sərbəst buraxılırdılar və bayram boyunca ayrılmırdılar. Dini nöqteyi-nəzərdən yanaşsaq, həmin gün yüzlərlə, bəlkə də minlərlə kişi və qadın Allah-Təalanın lənətləyərək “çirkin bir həyasızlıq” deyə qiymətləndirdiyi əməli gerçəkləşdirirdi.***
Valentini o dünyalıq etdirən imperator II Kladius isə bu hallara son qoymaq istəyən bir imerator kimi xarakterizə olunur. Onun hətta ordunun güclənməsi və nizam-intizamın qorunması üçün orduda xidmət edən gənclərə müvəqqəti olaraq evlənməyi qadağan etdiyi də tarixi qaynaqlarda yer tapmaqdadır. Və Valentinin ölümü və onun səbəbləri barədə isə müxtəlif mülahizələr vardır. Bunlardan ən yayılmış olanı və qüvvətlisi budur ki, həmin keşiş imperatorun əmri olmasına baxmayaraq, gizli şəkildə qızlarla oğlanları görüşdürməkdə davam edirmiş və romalıların məlum mağarasını özünə ibadətgah seçibmiş. Nəzərə alsaq ki, Valentin xristianlığın yayıldığı ilk əsrlərdə yaşayıb, onun mağarada fəaliyyət göstərməsi heç də təəccüblü sayılmamalıdır. İmperator da onun bu hərəkətlərindən xəbər tutaraq zindana atdırır və 14 fevralda – məhz romalıların əxlaqsızlığının tüğyan etdiyi bir gündə döydürərək, təhqiramiz formada öldürtdürür. Bu da onu deməyə əsas verir ki, bu şəxs heç də nə məhbəsxana müdirinin qızına aşiq olması ucbatından, nə də katoliklərin iddia etdiyi kimi xristianlığın təbliği üzündən bizim eranın 273-ci ilində öldürülüb, o, məhz sərt imperatorun əxlaqsızlığa qarşı dözümsüz münasibətinin layiqli qurbanı olub. Bu qeyri-əxlaqi davranışı aradan götürmək üçün həmin dövrdə bu işlərə stimulverici rol oynayan şəxsi aradan götürmək kifayət idi ki, bu halın qarşısı alınsın, ən azı bu hal səngisin. Ən maraqlısı isə onun həbsxanadan öz yoldaşlarına, xüsusən də keşiş dostu Mariusa “Valentini unutmayın”, “Sizi sevirəm” deyə məktublar göndərməsi faktıdır. Bu fakt ümumiyyətlə, Valentinin hansısa bir qıza görə öldürüldüyü məlumatını şübhə altına alır və onun haqqında söylənən “homoseksualist” ifadəsinin doğruluq dərəcəsini artırır. Axı kişinin kişiyə “səni sevirəm” deməsinə bundan başqa hansı adı vermək olar?!
Katolik dünyasının bu şəxsə önəm verməsinə gəlincə, xristian ruhanilər Romadakı bütpərəstlərin “Lupercalia” bayramına xristian gənclərin də qatıldığından və bütpərəst qızlarla əylənmələrindən narahat olduqlarından (bu narahatlıq əxlaqi deqredasiyaya görə deyil, bütpərəstlərin saylarının çox görünməsi ilə bağlı idi), buna bir çarə axtardılar. Bu zaman xristian qəbristanlığında dəfn olunan Valentin “yada düşdü” və ruhani xristianlar bununla vəziyyətdən çıxış yolu tapdılar. Onlar bu bayramın sadəcə və sadəcə adını dəyişərək gənclərin xristianlığa bağlı bir adlı şənlikdə – Müqəddəs Valentin günündə – əylənmələrini təmin etdilər. Bununla həmin bu məlun Valentin günü meydana çıxdı. Bu hadisə Valentinin ölümündən təxminən 226 il sonraya təsadüf edir. Yəni Papa Gelasius tərəfindən 496-cı ildə “Lupercalia” bayramının adı Valentinin şərəfinə dəyişdirilmişdir.
Düzdür, guya Papa 15 fevralı 14 fevralla əvəz etməklə, “Lupercalia” bayramının ənənələrini də ortadan qaldırmışdır, ancaq elə həmin qərarnamədə sevginin azad olduğu və hər şəxsin öz sevgisini şənliyə çevirməyə haqqının olduğu bildirilmişdir ki, bu qərarnaməyə günümüzü deyil, həmin dövrün yaşam tərzini nəzərdən keçirərək yanaşdığımızda bu qərarın “Lupercalia” bayramına bir xristian don geyindirməkdən başqa heç nəyə xidmət etmədiyini deməyə əsas verir. Halbuki bu, xristianlığın təməl dini meyarlarına zidd idi. Valentinə xristianlığın təbliği yolunda şəhid obrazı yaratmaq da Kilsənin özünü təmizə çıxarmaq niyyəti kimi yozula bilər.
***
İllər boyu təbliğat aparıldı və zamanla bəzi ənənələr aradan qalxsa da, Valentinin adı kilsənin də köməyi ilə yaşandı. Orta əsrlərin Fransa və İngiltərəsində bu ad populyar ismə çevrildi. 1800-ci illərdən sonra Amerika Birləşmiş Ştatlarında Ester Hovlandın ilk Sevgililər günü kartını yollamasından sonra bu hadisə, dünya çapında qey olunmağa başladı. Və çoxları da mahiyyətə varmadan, bu günü bayram kimi qeyd etməyə davam etdi. Təbii ki, burada insan əxlaqının deqredasiyasında maraqlı olanlarla yanaşı, ticari maraqlar da böyük rol oynayırdı.
***
Tarixə nəzər saldıqdan sonra məsələnin mahiyyətinə fikir verək. Tutaq ki, lap elə Valentin bir homoseksualist və ya zinakar əyyaş deyil, xristianlığa özünü fəda etmiş bir şəxsdir. Bunun bizə nə dəxli, ay başınıza dönüm? Bizim də çox bayramımız var və bunlardan hansı birini hansısa xristian ölkəsinin məsihi əhli qeyd edirmi? Qətiyyən xeyr! Bəs onda bizə nə olub? Nədən Valentin gününü bu qədər əzizləyirik? Bəyəm başımıza gün qəhətdir ki, hansısa bir homoseksualistin və ya sutenyorun cəhənnəmlik olduğu günü bayram edirik. Əslində o gün bayram kimi qeyd olunmağa layiqdir, amma Sevgililər günü kimi deyil, yer üzünün hansısa əclafdan canını qurtardığı gün kimi.
***
Əslində belə bir şəxsin qutsallaşdırılaraq əzizlənməsi xristian törələrinə də ziddir. Yəni xristianların müqəddəs saydıqları Həzrəti Məryəm bir təmizlik nümunəsi idi. O, nə qədər iftiraya uğrasa da, Allah onu və oğlu həzrəti İsanı daim insanların gözündə pak və üzüağ çıxarmışdır. Və istənilən dindən olan şəxs həzrəti Məryəmi sayğı və sevgi ilə anmaqdadır. Qurani Kərimin “ət-Təhrim” surəsinin 12-ci ayəsində həzrəti Məryəm haqqında buyurulur ki, “İmranın qızı Məryəmi də (zikr et) ki, o, öz irz-namusunu qorumuşdu. Beləcə, Biz ona ruhumuzdan üflədik. O da Rəbbinin kəlimələrini və kitablarını təsdiq etdi. O, (Rəbbinə) könüldən bağlı olanlarladı.” Eyni zamanda Kilsənin “Lupercalia” bayramını Valentin günü ilə əvəzləməsində ataların batil inancına tabe olmaq və dinin qoyduğu prinsiplərlə ziddiyyət vardı. Qurani Kərimdə “ataların dini” deyə keçən bu kəlimə tək İslamla bağlı qalmayıb, Tövrat və İncildə də “ataların törəsi” adı ilə keçməkdədir.
Halbuki bütün dinlərə görə, Allah qatında qəbul olunan din, elçilər tərəfindən təbliğ edilən dindir və kor-korənə şəkildə dədə-babalarının batil inanclarına bağlı qalmaq heç bir səmavi kitabda qəbul olunmur: “Onlara “Allah nazil etdiyinə və elçiyə tərəf gəlin” deyildiyində, “Atalarımızı üzərində gördüyümüz şey bizə yetər” deyirlər. Bəlkə ataları bir şey bilmir və ya hidayət olmayıbdısa”? (Qurani Kərim, Maidə surəsi, 104) “Sözlərimi dinləmək istəməyənlər atalarının fəsadlarına döndülər və başqa ilahlara qulluq etmək üçün onların ardınca getdilər… Onlara elə bir fəlakət gətirəcəyəm ki, içindən çıxa bilməyəcəklər…” (Tövrat, Yeremya, Bab 11, 10-11) “Ferisilər və dini şərhçilər İsadan soruşdular: “Tələbələrin niyə atalarının törələrinə ayqırı davranır…” Siz Allahın əmrini buraxıb insanların törəsini müdafiə edirsiniz. Və onlara de ki, insanların adət-ənənəsinə tabe olmaq üçün Allahın əmrini rədd edirsiniz.” (İncil, Markos, Bab 7, 5-9) Belə olduğu halda qədim Roma ənənələrinə uyğun bir bayrama kosmetik dəyişikliklər etməklə özününküləşdirmək, xristian ruhanilərinin atalarının törələrini Allahın əmrindən yüksək tutması deyildisə, bəs nə idi?! Bütpərəstlər pak və təmiz həzrəti Məryəmə iftiralar yağdıran zaman, Papanın bir əxlaqsızın adını əbədiləşdirməsini nə ilə izah etmək olar? Halbuki onlar zina etməmək barədə Tövratda “zina etməyəcəksən” (Çıxış, Bab 20, 14), İncildə isə “İnsanı kirlədən cinsi əxlaqsızlıq, oğurluq, cinayət, zina, acgözlük, pislik, səfillik, hiylə, iftira, təkəbbür və ağılsızlıq içdən, insanın ürəyindən qaynaqlanır. Bu pisliklərin hamısı içdən qaynaqlanır və insanı kirlədir” (Markos, Bab 7, 20-22) deyə ilahi əmrlər yer alır. Bu əmrləri çeynəyərək, onun yerinə keçən Valentinin şərəfinə isə bütpərəstlərdən qalma əxlaqsızlıq günü qiymətə mindirilir, hətta Vatikanın qapılarından birinə onun adı verilir. Bu bir xristian rəzalətidir və bu rəzalətə imza atanların paklıq dini İslama qarşı aqressiyası da Valentinə münasibətlərini gördükdə, daha doğru şəkildə izah etmək olar…
***
Əslində isə Sevgi sözünü Valentinə calaq etməklə Vatikan rəhbərliyi sevgi sözünü böyük zərbə altında qoyub. Və onlar bu hərəkətləri ilə həqiqi sevgini, qutsallaşdırdıqları həzrəti Məryəmin sevgisini təhqir etmiş olurlar. Onu da qeyd etmək lazımdır ki, sevgi heç vaxt günah sayılmayıb. Hətta həzrəti Məhəmməd Peyğəmbər evlənmək hazırlığı görən səhabəsinə evlənəcəyi qızı gördükdən sonra bu qərarı verməsini istəyib. Yəni gedib görsün və üçüncü bir şəxsin yanında söhbət etsin, sonra evlənmək haqqında fikirləşsin. Ancaq Valentinin balaları sevgini, ancaq heyvani ehtiras kimi qəbul edərək buna vəhşi şəhvət donu geyindiriblər. Gerçəkdə, insan bütün yaradılanları sevməlidir. Çünki onları Yaradan yaradıb. Məhz Yaradanı sevdiyi üçün yaradılanları da sevməlidir. İnsanlar arasında sevgi bağı olmasa, həyatın da mənası qalmaz. Sevginin ilahi lütf olduğunun dəfələrlə vurğulandığı Qurani Kərimin “Məryəm” surəsində saleh əməl işləyənlərə Allah-Təalanın sevgi bəxş edəcəyi göstərilir (ayə 96). Tövratda da sevginin önəmi belə anladılır:”Nifrət çəkişməni uzadar, sevgi isə hər günahı bağışladar”. (Süleyman məsəlləri, Bab 10, 12) İncildə isə sevgi Tanrının buyruqlarına uyğun yaşamaq olduğu bildirilərək (Yuhannanın II məktubu, 6) açıqca əmr olunur: “Bir-birinizi sevin”! (Yuhanna, Bab 15, 17)
Və sevərkən də gözəl əxlaqa sahib olmaq və zina kimi insanı cəhənnəmlik edəcək əməllərə yaxın durmamaq gərəkir. Qurani Kərimdə yaxşılığı əmr edib, pis əməllərdən insanları çəkindirənlər məhz qurtuluşa yetənlər kimi təqdim olunurlar. (Ali-İmran surəsi, 104)
***
Qarşımızda çox ciddi və zarafata salınmayacaq tərzdə ciddi sual var:
NƏ ETMƏLİ?
Çünki son on ildə bu “bayram”, alnına əxlaqdan başqa hər şey yazılan telekanallar vasitəsi ilə millətin beyninə elə yeridilib ki, buna qarşı mübarizə çox çətinləşib və istəyib-istəməməmizdən asılı olmayaraq, bu gün müxtəlif insanlar tərəfindən qeyd olunacaq. Bizim əlimizdən gələn 14 fevralın mahiyyətini insanlara anladaraq bu günü bayram kimi qeyd edən kontingenti maksimum dərəcədə azaltmaqdan ibarətdir. Qayət normaldır ki, düşük müğənnilər, özünün ad gününü təbrik etmək üçün DJ-lərə müraciət edən gədələr, telekanalların efirində baldırını çöldə qoyan “oğlancığazlar” və bu kimi xeyli məxluqat 14 fevralsız keçinə bilməzlər. Onların təklif və ya tələb olunan başqa bir Sevgililər Gününü, mahiyyətində, mənbəyində həqiqi sevgi, namus-qeyrət olan bir olayı, məsələn 30 iyunu qəbul etməsinin özü bir rəzalət olardı. Çünki onlarla bizlər arasında qalın bir pərdə vardır. Və hətta bu tiplərin başlanan kampaniyaya dəstək vermələrinin arxasında da bir münafiqlik yatdığı görünməkdədir. Necə ki, Qurani Kərimdə buyurulur ki, “And olsun ki, cəhənnəm üçün cinlərdən və insanlardan çoxlu fərd yaratdıq. Qəlbləri vardır, bununla qavrayıb-anlamazlar, gözləri vardır, bununla görməzlər, qulaqları vardır, bununla eşitməzlər. Bunlar heyvanlar kimidirlər, hətta daha aşağılıqdırlar. Bax bunlar qafil olanlardır.” (“Əraf” surəsi, 179) Bu adamlar da mənanın nə olduğunun fərqində deyillər. Fəqət ictimai qınaqdan çəkindikləri üçün ya səslərini kəsiblər, ya da bu təşəbbüsə alqış deyirlər. Həm də anlayırlar ki, bu gün populyarlaşarsa, əlavə qazanc mənbələri artacaq. Bəli, bu yumurtadan yun qırxanlar bu işdən də karlı çıxmağı düşünürlər. Hər halda mən belə düşünürəm. Çünki bu tip insanların səmimiyyətinə, daxillərində milli hissin olmasına heç zaman inanmamışam və inanmayacağam da. Bu adamlar üçün bir məbud var:
PARA! PARA!! PARA!!!
Allahın qəlblərini və qulaqlarını möhürlədiyi insanlar əlbət ki, Valentinə dua oxuyacaqlar. Dünyada bundan təbii heç nə ola bilməz.***
Əslində 30 İyun təklifi o baxımdan qəbul olunmalıdır ki, biz Valentindən qurtarmalıyıq. Əxlaq düşməni olan qüvvələrin məmləkətimizə gətirərək efir vasitəsi ilə evimizə axıdılan bu çirkabı durdurmaq üçün mütləq bir çarə bulunmalıydı. Bu baxımdan, 30 İyun təklifi Valentindən qurtuluş ola bildiyi üçün dəstəklənməlidir. Bu yerdə Valentinin nəvələrinin sitat gətirdiyi İncildən insanları doğru yola yönəltməklə bağlı sitat gətirmək faydalı olardı: “Qardaşlarım, içinizdən biri həqiqətin yolundan dönərsə və biri onu yenə gerçəyə döndürürsə, bilsin ki, günahkarı pis yoldan döndərən ölümdən bir can qurtarmış və bir çox günahı örtmüş olur”. (Yakobun məktubu, Bab 5, 19-20) Burada isə bütöv bir millətin həyatından söhbət gedir. Gənclərin şüursuz halda şərəfsiz bir romalının arxasınca addımlamasıdır əsas problem. Bunun qarşısı alınmalıdır.
MÜTLƏQ!***
Düzdür, 30 İyun təklifinə dini nöqteyi-nəzərdən yanaşsaq, yeganə problem yaradılacaq məsələ Fərizənin intiharıdır ki, ağzıgöyçəklər məhz bu intihar hadisəsini əldə bayraq edərək əks-arqumentlə çıxış edə bilərlər ki, Allah, verdiyi cana qəsdi qəbul etmir. Hərçənd ki, belə bir cəsarətdə bulunacaq şəxsin olmasını sanmıram. Bir onu demək istəyirəm ki, Fərizə intihar etməyib. Əgər etsəydi, bu, dini aspektdən intihar qəbul oluna bilərdi. Onu da yaddan çıxarmayaq ki, bəzi hallarda məqsəd vasitəni doğruldur. Fərizə İlhamına qovuşmaq üçün o addımı atdı! Fərizə Tanrı dərgahına yollanmaq üçün, orada şəhidlik məqamındakı ömür-gün yoldaşını tək qoymamaq, onunla bu dünyada yarımçıq qırılan məhəbbətini davam etdirmək üçün bu addımı atdı. Ən başlıcası, dini maarifçiliyin aparılmadığı, insanların intiharın, öz canına qəsdin günah olduğunu bilmədikləri bir dönəmdə bu kimi hadisələrin baş verməsini də gözardı etməmək lazımdır. İstənilən halda isə mənşəyi və oriyentasiyası bəlli olmayan Valentinin cəhənnəmə vasil olduğunu günü qeyd etməkdənsə, sevgisi uğrunda canından keçən insanların həyatının ən şirin anını-toy gününü yad etmək daha məntiqli deyilmi?
Bizim eşqi uğrunda fəda olan gözlə gördüyümüz insanlarımı olduğu halda ən yaxşı formada desək müəmmalı bir insanın ölüm gününü Sevgililər günü kimi qutlamağa haqqımız yoxdur! Hətta ən uzaq qohumunun belə qədim Roma adəti üzrə hərəkət etməsini qəbul etməyənlər Valentin gününü qəbul etməyəcəklər!
Etməməlidirlər!!!Bizə zina cocuqlarının deyil, pak sevgi ilə bir-birinə bağlanan insanların ən xoş gününü qeyd etmək yaraşır!
P.S. Cüzi dəyişikliklərlə dərc etdiyimiz bu yazı ilk dəfə 2004-cü ildə «Xural» qəzetində dərc olunub. 2006-cı ildə 30 iyun Sevgililər Günü «ən yaxşı ideoloji yazı» kimi «Sevgi» mükafatına layiq görülüb.
“Yeni Çağ” AİA
www.yenicag.az