Valday bağı – Stalinin tikdirdiyi, amma bəyənmədiyi, Kosıginin və Putinin sevdiyi iqamətgah

Valday bağı – Stalinin tikdirdiyi, amma bəyənmədiyi, Kosıginin və Putinin sevdiyi iqamətgah

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət başçılarının, siyasi liderlərin istirahət menyusunda bağ evləri, bağ iqamətgahları həmişə ön sırada dayanıb. Sovet liderləri də özlərini bağ həzzindən heç vaxt məhrum etməyiblər. Lenindən başlamış Mixail Qorbaçova qədər bütün SSRİ rəhbərləri təmtəraqlı, dəbdəbəli bağ evlərinə sahib olublar. Sovet liderləri arasında ən “sadə” həyat tərzi sürən siyasətçi kimi təqdim olunan İosif Stalin isə daha çox istirahət məkanına sahib olub.

Rəsmi sənədlərə istinad etsək, Stalinin istirahəti üçün 21 bağ iqamətgahı tikilib. Onlardan 14-ü Qafqazda, 4-ü Krımda, 3-ü isə Moskva ətrafında yerləşib. Bağ iqamətgahlarının, demək olar ki, hamısı eyni layihə ilə inşa edilib.

1937-ci ildə sovet lideri üçün ölkənin şimal istiqamətində də bağ evinin tikilməsi qərara alınanda Stalinin mühafizə rəisi general Vlasikin (həmin dövrdə mayor) təşəbbüsü ilə əsrarəngiz təbiəti ilə fərqlənən Novqorod vilayətinin Valday şəhərinin ətraf ərazisi məkan seçilib. Moskvadan 396, Leninqraddan 304 kilometr aralıda yerləşən Valdayın Ujin gölünün ətrafında iki il tikinti işləri aparılıb. Bağ evi yarımadada inşa edilib.

DSCN5859_resize.jpg (260 KB)

Stalin 1940-cı ildə ilk dəfə olaraq Valdaydakı bağ evinə gəlib. Ərazi ilə tanış olub. Bağ evi yarımadada yerləşdiyindən yalnız bir cıxış-giriş yolu olub. Təhlükəsizlik baxımından bu məqsədli şəkildə edilib. Amma nədənsə bütün düşünülmüş bu məsələlər Stalinin xoşuna gəlməyib və o, Valdaydakı bağ iqamətgahını “siçan tələsi” adlandırıb. Bu səfər sovet liderinin Valday bağına ilk və sonuncu səfəri olub. Amma onun bir gün də olsun bu bağda yaşamamasına baxmayaraq, bağ bu günə qədər də “Stalinin bağı” adı ilə məşhurdur.

21397085.jpg (119 KB)

Sovet-alman müharibəsi başlanandan sonra Stalinin göstərişi ilə Valday bağında ayrı-ayrı dövrlərdə cəbhə komandanları məskunlaşıblar. Marşallardan Jukov, Konev, Timoşenko, generallardan Kuznetsov, Kuroçkin, Sobennikov şimal-qərb cəbhəsindəki hərbi əməliyyatları məhz Valday bağında hazırlayıblar.
Müharibədən sonra Valday bağında Mərkəzi Komitənin yüksək çinli məmurları istirahət ediblər. Valdayda daha çox Andrey Jdanov müalicə alıb. Hətta Jdanovun oğlu ilə Stalinin qızının toy mərasiminin keçirilməsi də Valday bağında nəzərdə tutulub. Amma Jdanovun vəfat etməsi bu planı yarımçıq qoyub.

Stalinin vəfatından sonra Valday bağı SSRİ Nazirlər Sovetinin idarəçiliyinə verilib və bu məkan ölkənin birinci şəxslərinin və onlarının ailərinin istirahəti və müalicəsi üçün nəzərdə tutulub.

image043-27.jpg (74 KB)

1956-cı ildə Valday bağı SSRİ Səhiyyə Nazirliyinin yeni yaradılmış 4-cü idarəsinin tabeliyinə verilib. Bu idarə Kreml məmurlarının sağlamlığı ilə məşğul olub.

Stalinin Valday bağının ərazisində sonradan yeni qonaq evləri də inşa edilib. İl ərzində burada 80-100 nəfər tanınmış siyasətçi istirahət edib.

Valdayın daimi sakinlərindən biri də uzun illər Nazirlər Sovetinin sədri vəzifəsində işləmiş Aleksey Kosıgin olub. Kosıginin bu istirahət məkanına ilk səfəri isə fərqli bir hadisə ilə yadda qalıb. Baş nazirin ilk səfərinin şərəfinə istirahət evinin rəhbərliyi xüsusi ziyafət təşkil edib. Kosıgin süfrə arxasına keçəndə masanın üstünə düzülmüş çeşidli təamlar onu təəccübləndirib və baş nazir xidmətçiyə sual verib:

image051-24.jpg (102 KB)

– Bütün bunların pulunu kim ödəcəyək?

Çaşqın vəziyyətə düşən xidmətçi cavab tapa bilməyib. Kosıgin başını narazı halda bulayaraq otağına yemək sifariş edib:

– Xahiş edirəm, otağıma yulaf sıyığı və bir stəkan kefir gətirin.

İlk səfərin xoşagəlməz başlanmasına baxmayaraq, Kosıginin Valdaya səfəri həmişə səbirsizliklə gözlənilib. Belə ki, o, hər dəfə Valday istirahət evinə gələndə mövcud problemləri elə yerindəcə, Moskvaya zəng etməklə həll edib.

image041-26.jpg (91 KB)

Valdayda təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilib. İstirahətə gələnlərin sənədləri, göndərişləri ciddi şəkildə yoxlanılıb. Bununla bağlı da maraqlı hadisələr az olmayıb. Tanınmış aktyor, marşal Jukovun obrazını yaradan Mixail Ulyanov Valdayda istirahətə gələndə inzibati binada qeydiyyatdan keçdikdən sonra öz korpusuna yollanıb. Ulyanov hardasa giriş üçün verilən vərəqəni itirib. Korpusun nəzarətçiləri aktyordan giriş vərəqəsini tələb edəndə o, özünü tanıtmağa çalışıb:

– Mən giriş vərəqəsini haradasa unutmuşam. Siz məni yəqin ki, tanıyırsınız, mən aktyor Mixail Ulyanovam.

111.jpg (40 KB)

Sərt nəzarətçi aktyorun şifahi təqdimatını qəbul etməyib:

– Giriş vərəqəsini təqdim edin.

Ulyanov məcbur qalaraq nəzarətçilərin rəisini çağırtıdırıb. Milis mayoru ona yaxınlaşraq mehribanlıqla görüşüb:

– Xoş gəlmisiniz, yoldaş Jukov.

Bu ifadəni eşidən aktyoru içəri buraxmayan nəzarətçi Ulyanovdan üzr istəyib:
– Niyə əvvəlcədən demədiniz ki, siz Jukovsunuz. Axı mən Ulyanovu tanımıram.

70373.jpg (90 KB)

Valday keçmiş SSRİ-də olduğu kimi, bu gün də Rusiyada məşhur bir məkandır. Hazırda Rusiya Federasiyasının prezidenti Vladimir Putinin yay iqamətgahlarından biri məhz Valdayda yerləşir. Amma bu iqamətgah ərazisinə, inşasına və rahatlığına görə Stalinin iqamətgahından qat-qat fərqlənir və daha ciddi şəkildə mühafizə olunur.

Stalinin bağının bir hissəsi hazırda muzeydir. Digər hissəsində isə nəinki dövlət məmurları, hətta sıravi vətəndaşlar da gecələyə bilər. Yetər ki, cibində 100 dollar pul olsun, bu məbləğlə hər bir kəs bir gecəlik özünü tarixə düşmüş nəhəng bir dövlətin lideri hiss edə bilər.

İlham Cəmiloğlu