Bakıda “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusunda keçirilən V Qlobal Bakı Forumunun ikinci günündə “Beynəlxalq münasibətlərdə Çinin rolu: Köhnə qaydaların tətbiqi üsullarının müzakirəsi” mövzusunda panel iclası işə başlayıb.
Bakıda “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusunda keçirilən V Qlobal Bakı Forumunun ikinci günündə “Beynəlxalq münasibətlərdə Çinin rolu: Köhnə qaydaların tətbiqi üsullarının müzakirəsi” mövzusunda panel iclası işə başlayıb.
TİA.AZ xəbər verir ki, iclasın moderatoru olan Harvard Biznes Məktəbinin dosenti Qautam Mukunda Bakı Forumunda mühüm məsələlərin müzakirə edildiyini bildirib.
O, bu iclasın da olduqca aktual mövzuya həsr edildiyini diqqətə çatdırıb.
Əfqanıstan xarici işlər nazirinin müavini Hikmət Xəlil Karzai isə qeyd edib ki, Azərbaycan Əfqanıstanda sülh və sabitliyin bərpa edilməsində mühüm rol oynayır:
“Azərbaycan “Asiyanın Qəlbi – İstanbul Prosesi” formatının əsas ölkələrindən biridir. Əfqanıstanın yaxın tərəfdaşı kimi, Azərbaycan regionda sabitliyin yaradılması prosesini dəstəkləyir və müxtəlif sahələrdə mühüm rol oynamaqda davam edir”.
Qırğızıstanın keçmiş baş naziri Apas Jumagulov deyib ki, Bakı Qlobal Forumu dünyada qarşılıqlı əməkdaşlığın inkişafına mühüm töhfə verir:
“Bu gün dünyanı narahat edən bir çox problemlər mövcuddur. Eyni zamanda Qırğızıstan da çətin siyasi proseslərdən keçib. Azərbaycan dünyanı narahat edən problemlərin müzakirə edilməsi və həlli yollarının tapılmasına şərait yaradır. Forumda çox əhəmiyyətli müzakirələr aparılır, yeni fikirlər səsləndirilir, problemlərin həlli yolları göstərilir. Əlbəttə ki, bu Azərbaycanın dünyada sülhün və sabitliyin qorunmasına verdiyi mühüm bir töhfədir”.
İclasda Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Pakistanın sabiq Baş naziri Şaukat Aziz, İtaliya Prezidentinin sabiq diplomatik müşaviri Antonio Zanardi Landi, Qırğız Respublikasının sabiq Baş naziri Apas Jumaqulov, Macarıstanın sabiq Baş naziri Peter Medgiessi, Tsingua Universitetinin “Schwarzman” Kollecinin dekanı David Qingcong Pan, ABŞ-ın Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin müxbir üzvü Eduard Luttvak iştirak edirlər.