Üzüyü qaytardığı nişanlısını amansızlıqla qətlə yetirməkdə və onun bacısına bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən şəxs aldığı cəzadan narazı qalaraq apellyasiya şikayəti verib.
Üzüyü qaytardığı nişanlısını amansızlıqla qətlə yetirməkdə və onun bacısına bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən şəxs aldığı cəzadan narazı qalaraq apellyasiya şikayəti verib.
Musavat.com xəbər verir ki, Nəcəf Məcidov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsində qətldə təqsirləndirilən Nəcəf Məcidovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, N.Məcidovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxarığı hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, ittihama görə, dəhşətli hadisə bu ilin martında Bakının Binə qəsəbəsində baş verib.
Nişanlısını qətlə yetirdikdən sonra qaçan 31 yaşlı Nəcəf Məcidov hadisədən bir həftə sonra yaxalanıb.
Müəyyən edilib ki, 26 yaşlı nişanlısı İlahə Ağayevanı bıçaqlayaraq öldürən, onun bacısı Rəhiməyə də xəsarət yetirən Nəcəfi müxtəlif yerlərdə axtarılsa da, onu elə Binə qəsəbəsində tutulub. Nəcəf Məcidov qətli törədəndən sonra Binə qəsəbəsində yaşayış olmayan yarımçıq tikililərdə və dükanlarda qalıb.
Onun əvvəllər də məhkumluq həyatı yaşadığı məlum olub. Qətlə yetirilən İlahə Ağayevanın 26 yaşı olub. Mərhum Nəcəf Məcidova üzüyü geri qaytaracağı barədə xəbər göndərib. Səbəb isə Nəcəfin tüfeyli həyat tərzi sürməsi olub.
Nəcəf Məcidov nişanlısı ilə görüşmək istəsə də qız bunu qəbul etməyib. Nəcəf gecə saatlarında onun evinə gedərək boğaz nahiyəsinə bıçaqla bir neçə zərbə vurub. Hadisənin qarşısını almaq istəyən İlahə Ağayevanın bacısı, 1997-ci il təvəllüdlü Rəhimə Ağayeva isə bədən nahiyəsindən iki bıçaq zərbəsi alıb.
Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29,120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham edilən Nəcəf Məcidov əməlini etiraf edir və özünü təqsirli bilir.
Nəcəf deyib ki, hadisə baş verən zaman nişanlısı ilə onların həyətlərində olan hamamda görüşüblər. Nişanlısı ilə münasibətlərinin son günlərdə yaxşı olmadığını deyən Nəcəf ifadəsində bunun səbəbini belə izah edib: “İlahə ilə münasibətlərim yaxşı olmayıb. Ona iradlarımı bildirdim. Amma əhəmiyyət vermirdi. Deyirdim ki, iradlarımda qəbahətli nə var? Həmin gün biz hamamda görüşmüşük, hamamın qapısını bağlamaqda məqsədim havanın soyuq olması olub. Qapını bağlamışdıq ki, içəri isti olsun. Orada söhbətimizi etmişik, söhbət zamanı aramızda mübahisə yaranıb. İlahə məndən ayrılmaq istədiyini bildirdi. Bundan sonra beynim çöndü, onu bıçaqla vurdum”.