“Rusiya sülhməramlılarının bu ərazilərdən çıxarılmasını da tələb etməliyik”
Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “AzPolitika.info”ya müsahibəsində separatçı-cinayətkar rejimin Azərbaycana qarşı mina təxribatı, Azərbaycanın Qarabağda başlatdığı antiterror əməliyyatı, Qərbin və Rusiyanın buna mümkün reaksiyası, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gözlənilən səfəri ilə bağlı sualları cavablandırıb.
Müsahibəni oxuculara təqdim edirik:
– Qabil müəllim, sentyabrın 19-na keçən gecə Qarabağda mina partlayışları nəticəsində 11 nəfər həlak olub. Hüquq-mühafizə orqanları hadisənin terror aktı olduğunu bildirir. Proseslərin indiki qızğın dönəmində bu olayı necə dəyərləndirirsiniz?
– Ermənilər Azərbaycana qarşı təkcə terror hadisələrinə, terror əməllərinə yox, həm də əsl müharibəyə başlayıblar. Bundan əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Xidmətinin işçiləri, daha sonra Daxili İşlər Nazirliyinin əməkdaşlarına qarşı törədilən terror aktı, eləcə də Bakı-Tbilisi istiqamətində uçan Azərbaycan təyyarəsinə qarşı elektron maneənin yaradılması da bunu sübut edir. Görünür, ermənilər ABŞ Senatının son dinləmələrindən sonra daha da ürəkləniblər. Düşünürəm ki, biz təcili olaraq onlara ultimatum verməli, silahlarını yerə qoyub, təslim olmalarını tələb etməliyik. (Müsahibənin gedişində Müdafiə Nazirliyinin antiterror əməliyyatlarına başladığı barədə rəsmi məlumat yayıldı – red.). Bunun başqa variantı yoxdur. Yoxsa bunlar status-kvonu yenə də İkinci Qarabağ müharibəsindən əvvəlki dövrə qaytarmağa çalışacaqlar.
– Rusiya sülhməramlıları hələ ki, heç bir reaksiya verməyib, bu terrorda onların məsuliyyət dərəcəsi nədən ibarətdir?
– Bu işin başında duran elə Rusiya sülhməramlılarıdır. Çünki bölgədəki separatçıları silahlandıran, partlayıcı maddələrlə təchiz edən, yeri gələndə isə informasiya ötürən məhz rus hərbçilərdir. Bölgədə baş verən hər bir hadisədə Rusiya sülhməramlılarının “əl izi” var. Onlar açıq-aşkar bölgədə qalan erməni silahlı qüvvələrinin Azərbaycana qarşı təxribat törətməsinə şərait yaradırlar. Halbuki, onlar üçtərəfli sazişlə üzərlərinə götürdükləri öhdəliyə görə buradakı erməni silahlı qüvvələrini ərazilərimizdən çıxarmalı idilər. Lakin bu baş vermədi. Ona görə də bu gün cinayət məsuliyyətinin böyük hissəsi Rusiya sülhməramlılarının üzərinə düşür. Onlar nəinki bölgədə öz vəzifələrinin öhdəsindən gələ bilmirlər, əksinə, bölgədəki quldur dəstəni silahlandıraraq Azərbaycanın üzərinə göndərirlər. Biz antiterror əməliyyatı ilə yanaşı, Rusiya sülhməramlılarının bu ərazilərdən çıxarılmasını da tələb etməliyik. Bunun başqa yolu yoxdur. Əgər biz üzüyumşaqlıq göstərsək, bəzi məqamlarda qorxub geri çəkilsək, bu xeyrimizə işləməyəcək.
– Qabil bəy, çoxdan gözlənilən antiteror əməliyyatı artıq başlayıb. Sizcə, hadisələr bundan sonra necə cərayan edəcək?
– Bəli, nəhayət ki, antiterror əməliyyatı başladı. Artıq bizə qənim kəsilən quldurların zərərsizləşdirilməsi üçün irimiqyaslı əməliyyatlar həyata keçirə biləcəyik. Azərbaycan ordusunun bütün qüvvələri – “dəniz pişikləri”, qurudakı xüsusi əməliyyat qrupları, dağ komando qoşunları, hərbi hava qüvvələri vahid güc şəklində birləşərək düşməni sıradan çıxarmalıdır. Mən bu ərazilər uzərində suverenliyimizin tam təmin ediləcəyin inanıram. Uzağı bir həftə ərzində bu əməliyyatı yekunlaşdırıb, bölgədəki separatçıları Azərbaycana qarşı etdikləri əməllərə görə cəzalandıracağıq.
– Bu antiterror əməliyyatına Qərbin, Rusiyanın, İranın reaksiyası nədən ibarət ola bilər?
– Təbliğat-təşviqat vasitəsilə Qərbin mümkün reaksiyalarını səngitmək lazımdır. Amma onların hansı reaksiya verib-verməyəcəkləri bizim üçün o qədər də vacib olmamalıdır. Biz izah etməliyik ki, bizə qarşı məğlub olan ordunun tör-töküntüləri ərazilərimizdə qalıb və bizə qarşı müharibə aparır. Bu səbəbdən də biz belə bir antiterror tədbirlərini həyata keçirməyi qarşımıza məqsəd qoyduq. Dünya bunu başa düşürsə düşsün, düşmürsə də özü bilər. Biz ya bir dövlət kimi ləyaqətimizi, qürurumuzu qoruyacağıq, ya da rusun və yaxud da ABŞ-ın müxtəlif təzyiqlərinə dözməyərək geri çəkiləcəyik. Geri çəkilmək isə Qarabağ müharibəsindəki qalibiyyətin bütün nəticələrini itirmək, status-kvonu əvvəlki vəziyyətinə qaytarmaq, ermənilərin bölgədə yenidən hökmranlığına rəvac vermək anlamına gələcək.
– Son günlər İranın hərbi-siyasi dairələrinin nümayəndələri Azərbaycanı hədələyən bəyanatların sayını artırıblar. Hətta bildirilir ki, Azərbaycan sərhəddə hərbi əməliyyat keçirəsə, bizə qarşı güc tətbiq edə bilərlər. İranın mövqeyini necə dəyərləndirirsiniz?
– İran bizə düşməndir, bunu birdəfəlik qəbul etmək lazımdır. İran heç vaxt bizimlə dost olmayacaq. Bu fars rejimi həmişə ermənilərin və bizə düşmən olan qüvvələrin yanında olacaq ki, Azərbaycan güclənməsin. Ona görə də türk qardaşlarımızın köməyi ilə müəyyən hədlər daxilində İranın qarşısını almağı bacarmalıyıq. İran ərazisində yaşayan 40 milyonluq soydaşımız da bu saat bizim addımımızı gözləyir.
– Türkiyə lideri R.T.Ərdoğanın Bakıya gələcəyi gözlənilir. Hazırkı gərgin dönəmdə bu səfərin hədəfi nədən ibarət ola bilər?
– Bu saat orada da bir narahatçılıq var. Türkiyə də başa düşür ki, Azərbaycana təzyiqlər var, ciddi surətdə sıxışdırırlar. Ancaq onu da qeyd etməliyik ki, bu gün Azərbaycana qarşı olan hərəkətlər həm də Türkiyəyə qarşı edilmiş sayılır. Ona görə də qardaş ölkənin başçısı Azərbaycana gələcək. Burada bir çox məsələlər müzakirə ediləcək. Ərdoğan özünün tövsiyələrini verəcək, həmçinin bizdən də müəyyən təklifləri qəbul edəcək. Düşünürəm ki, Şuşa Bəyannaməsinin prinsiplərinin tam işlək vəziyyətdə olması üçün də qərarlar veriləcək.