Uşaqlığında ona “Yetim İlyas” deyərmişlər…

Uşaqlığında ona “Yetim İlyas” deyərmişlər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

… Uşaqlığında ona “Yetim İlyas” deyərmişlər. Çünki o, 6 aylığında olanda, milis atasını qaçaqlar öldürmüşdü…

Müharibə başlayanda isə dayısını əsgər apardıqlarından, anası Mələk xanım qardaşının da uşaqlarına baxmaq üçün iki körpə övladını – İdrisi və İlyası da götürüb, kəndə qayıtmışdı…

“Yetim İlyas” ləqəbini də elə burada – kənddə qoymuşdular…

Heç kim inanmazdı ki, gün gələcək, bu “Yetim İlyas” nəinki Azərbaycanda, dünyanın ən nəhəng ölkəsi sayılan SSRİ-də belə, ən ciddi söz, nüfuz sahiblərindən biri olacaq, bütün hüquqşünasların arzuladığı ən böyük zirvələri fəth edəcək – Azərbaycan SSR prokuroru, SSRİ Prokurorluğunun həbsxanalara nəzarət idarəsinin rəisi,  müstəqil Azərbaycanın Ədliyyə naziri, hüquq elmləri doktoru olacaq; daha sonra isə Ədalət Partiyasını yaradaraq, ədalətli bir cəmiyyətin qurulması uğrunda mübarizə aparacaq!

Bütün bu nailiyyətləri isə o “Yetim İlyas” yalnız həyat uğrunda amansız mübarizədə formalaşmış güclü xarakterinin, sarsılmaz iradəsinin və ağır zəhmətinin hesabına əldə edəcəkdi!

… O, 3 aydan çox ölüm yatağında da o sarsılmaz iradəsini hər kəsə göstərdi: bir cəsur oğlunu – Etimadı namərd gülləsiylə itirmiş, onunla son anda halallaşmamışdı deyə, qürbətdə yaşayan ikinci oğlunun – Mətinin gəlib çıxmasına, əlini tutmasınadək ölümə təslim olmadı. Dözdü, dözdü, dözdü… Nəhayət, bu gün – fevralın 17-də o da hər kəsin dadacağı ölümə təslim oldu…

 

Dostlar, jurnalistlərimizin çoxsaylı sorğularına cavab olaraq, bildirirəm ki, cənazə sabah saat 11.00-da Heydər Məscidindən götürüləcək. İlyas müəllim,  vəsiyyətinə uyğun olaraq, Nardaran qəbristanlığında, mərhum oğlu Etimadın yanında dəfn ediləcək. Yas mərasimi isə 20 fevralda Heydər Məscidində olacaq.

 

Allah İlyas müəllimə və dünyasını dəyişən əzizlərimizə rəhmət eləsin!

 

Elxan Şükürlü

 

Ədalət Partiyasının sədr müavini